Fond əleyhinə əsassız iddiaların qarşısının alınması üçün hüquqi tədbirlər görüləcək
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) nüfuzuna və imicinə mənfi təsir göstərəcək hər hansı bir şəxs tərəfindən əsassız və yalan iddiaların qarşısının alınması üçün hüquqi tədbirlər görüləcək. SİA xəbər verir ki, məlumatda qeyd olunub ki, İan Pertin (Ian Peart) sosial şəbəkələrdə və mediada təşkilat haqqında yaydığı məlumat həqiqəti əks etdirmir:
"Fondla İan Peart arasında heç bir müqavilə və onun tərəfindən göstərilən xidmətlər barədə heç bir saziş imzalanmayıb. Fondun İan Peart qarşısında heç bir qanuni öhdəliyi yoxdur. Biz qətiyyətlə bəyan edirik ki, Türk Mədəniyyəti və İrsi Fondu hər bir hüquqi və fiziki şəxs qarşısında götürdüyü bütün müqavilə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirir və yetirəcəkdir. Medianı məsələnin mahiyyətini tam araşdırmadan əsassız iddialar dərc etməməyə çağırırıq".
O da diqqətə çatdırılıb ki, Fond hər zaman hər hansı bir mövzuda əməkdaşlığa açıqdır:
"Bildiririk ki, təşkilatımızın nüfuzuna və imicinə mənfi təsir göstərəcək hər hansı bir şəxs tərəfindən əsassız və yalan iddiaların qarşısının alınması üçün hüquqi tədbirlər görüləcəkdir".
Qeyd edək ki, İan Peart sosial şəbəkə hesablarında paylaşım edərək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ona kitab redaktəsi ilə bağlı müraciət etdiyini, lakin daha sonra Fondun bu redaktə ilə bağlı ödənişi yerinə yetirmədiyini iddia edib.
Bütün xəbərlər Facebook səhifəmizdə