AZƏRTAC-ın müxbiri beynəlxalq səviyyəli sertifikatla təltif olunub

Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Ankarada keçirilən “Müharibə dövründə jurnalistika” təlimləri iyulun 12-də Polis Akademiyası sədrinin müavini, 1-ci dərəcəli polis rəisi Fatih İnalın riskin təhlili mühazirəsi ilə yekunlaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, təlimin sonuncu dərsindən sonra Polis Akademiyasında bağlanış mərasimi keçirilib.

Çıxış edən Fatih İnal təlimin dünyada yeganə sertifikatlı müharibə müxbiri layihəsi olduğunu vurğulayıb.

Təlimi yalnız müharibə reportajı layihəsi kimi qəbul etməyin yanlış olduğunu ifadə edən İnal deyib ki, bura zəlzələlər, sellər, böyük miqyaslı meşə yanğınları da daxildir.

Anadolu Agentliyinin akademiya və nəşr koordinatoru Yəhya Bostan təlimin çətin keçdiyini deyərək, məşq zamanı ayaqları burxulan və gözyaşardıcı qazdan zərər görən müdavimlərin tezliklə sağalmalarını arzulayıb: "Dünyanın heç bir yerində rastlaşmayacağınız heyətlə bir yerdə olmusunuz. Çox vacib kurslarda iştirak etmisiniz. Buradan böyük təcrübə ilə ayrılırsınız. Ümid edirəm ki, müharibə və ya fəlakətlər olmaz, amma olduğu təqdirdə 12 gün ərzində aldığınız təlim sizin sağ qalmağınızın üçün ən mühüm təminatlarından olacaq”.

TİKA Xarici Əlaqələr və Tərəfdaşlıq Şöbəsinin rəhbəri Uğur Tanyeli təlim proqramının uğurla başa çatdığını və Türk dünyası üçün xüsusi proqram hazırlamaq istədiklərini bildirib.

Sonra müharibə, fəlakət və fövqəladə vəziyyətlərdə operativ iştirak edən reportyorların hazırlanması məqsədilə keçirilən təlimləri uğurla bitirən

10-u Anadolu Agentliyinin əməkdaşı, 15-i isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, İraq və Qırğızıstandan olmaqla 25 media nümayəndəsi “Hərbi jurnalistika sertifikatı” ilə təltif edilib.

Beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunanlar arasında AZƏRTAC-ın müxbiri, Vətən müharibəsinin iştirakçısı Elmir Səftərov da var.

Qeyd edək ki, təlimlərin məqsədi müharibələr, təbii fəlakətlər və fövqəladə vəziyyətlər zamanı fəaliyyət göstərən müxbirlərin hazırlanmasına dəstək vermək olub. Media nümayəndələri 12 gün ərzində ümumilikdə 26 istiqamət, o cümlədən jurnalistika, şəxsi təhlükəsizlik, müharibə qanunları, ilk tibbi yardımın göstərilməsi, qabaqcıl sürücülük texnikalarından istifadə, suda sağ qalma, kimyəvi və bioloji hücumlardan qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət, media idarəçiliyi və digər mövzulardan ibarət təlimlərdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə