"Uşaq valideyninin yalan danışdığını görəndə ona inamsızlıq yaranır" - PSİXOLOQ İZAH ETDİ

"Uşaq valideyninin yalan danışdığını görəndə ona inamsızlıq yaranır" - PSİXOLOQ İZAH ETDİ

"Uşaqlara 9-10 yaşlarından etibarən xərclik verilməsi daha məqsədəuyğundur. Hətta yazıb-oxumaq bacarığı olmayan, məktəbəqədər yaşlı uşaq 1 manatı görərkən belə "pul" deyir. Pul ilə sevdiyi şirniyyatlara, oyuncaqlara çata bildiyini görən uşaq onun qənaətlə xərclənməli olduğundan xəbərsizdir". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, valideynin bunu övladına necə izah etməyinin yolları var: "Çox zaman şahidi oluram ki, valideynlər uşaq marketdən hər hansı bir şey istəyəndə "pulum yoxdur" deyirlər. Ancaq çox keçmədən cüzdanındakı pulu çıxarıb özünə və ya evə aid nəsə alır. Bu zaman uşaqda çaşqınlıq hissi yaranır. Valideyninin yalan danışdığını düşünür. Deməli, "pul var imiş", növbəti dəfə valideyn "pulum yoxdur" ifadəsini işlətdikdə uşaq daha valideyninə inanmır. Bu vəziyyəti belə dəyişmək olar ki, valideyn "pulum yoxdur" demək yerinə, "pulum var, amma ən önəmli şeyləri almalıyam" deməlidir. Uşaq valideyninin yalan danışdığını görəndə ona inamsızlıq yaranır, həm də gələcəkdə uşaq pul qazanarkən fasiləsiz, yemək-içməyinə fikir vermədən, səhhətinə diqqət etmədən ancaq pul qazanmağa meylli olur və pula həris böyüyür. Uşaq düşünür ki, mən pula çatsam, həyatdakı hər şeyə nail olaram. Təbii ki, bilirik, pul çox şeydir, amma hər şey demək deyil. Uşaq "pulum yoxdur" ifadəsini gərəyindən çox eşidərsə, fikrində ancaq pul qazanmaq olur.

Yaxşı olar ki, 2-3 həftədən bir "oyuncaq günü" təyin edilsin və uşağa sevdiyi oyuncaqlar alınıb hədiyyə olunsun. Uşağa hər gün və ya tez-tez oyuncaq alanda uşaqda sevinc hissi yaranmır. Uşaq hər şeydən doyur, təəccüb, sevinc hissini yaşaya bilmir. Çünki doyur. Uşaqlara pulun hər gün eyni miqdarda olmadıgını, yuxusuzluq, yorğunluq, hesabına qazanıldıgı izah olunmalıdır. Evə alınacaq ən önəmli şeyləri uşaqla birgə siyahıya yazmaq daha yaxsı olar. Marketdən uşağa aid (şokolad, meyvə şirəsi və sair) 1 ədəd nəsə alına bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə