"Depressiyanı yaradan əsas səbəblərdən biri tənhalıqdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Ümumiyyətlə, müasir insanın depressiyaya düşməsi məsələsi bir tərəfdən çox əcaib haldır, digər tərəfdən də təbii görünür". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.
O bildirib ki, əcaib görünür, ona görə ki, insan adətən elə düşünür ki, onun əlində bütün imkanlar olsa, maddi rifahı yüksək olsa, o, özünü xoşbəxt hiss edəcək, depressiyaya düşməyəcək: "Amma müasir dövrdə bəzi insanlar maddi rifaha, hətta ən yüksək maddi rifaha çatsalar da, depressiyaya düşürlər. Hətta intihara əl atırlar. Bu çox qəribə, amma təbii görünür. Ona görə ki, insanda depressiyanı yaradan əsas səbəblərdən biri tənhalıqdır. Müasir dövr yüksək texnologiyalar gətirib, kommunikasiyalar sürətlənib, sosial şəbəkələr, internet üzərindən elektron kommunikasiyalar çoxalıb, amma canlı, təbii ünsiyyət azalıb. Təbii ünsiyyətin olmaması insanı tənhalığa sürükləyir. İnsan tək qalır və bu, insanda depressiya yaradır.
Depressiyanı aradan qaldırmağın yollarından biri də canlı ünsiyyətlərdir. Hətta araşdırmalar göstərir ki, dostları, qohum-əqrəbası ilə canlı ünsiyyəti çox olan insanlar daha uzunömürlü olurlar. Məsələnin kökü buradadır. Deməli, individuallıq burada eqoistlik mənasındadır. Hər kəs özünü düşünür. Bu, insanda depressiya yaradır.
İnsanda depressiya yaradan kinci məsələ, hansı ki, müasir dövr onu da təhdid edir, bu, milli-mənəvi dəyərlər məsələsidir. Bu da çox vacib məsələdir. Müasir dövr, texnologiya dəyərləri də, təəssüf ki, hədəfə alır, alt-üst edir, mənasızlaşdırır. İnsan həyatı mənasızlaşır, dəyərlər gözdən düşür və həyat mənasız olanda insan depressiyaya düşür. Əsas səbəblər bunlardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB