"Valideynlər gərək bir az hər şeyə realist yanaşsınlar" - PSİXOLOQ İZAH ETDİ
"Bir şeyi yadda saxlamaq lazımdır ki, valideyn uşağı hər zaman qoruya bilməyəcək. Üstəlik də telefona baxaraq qoruya bilməz". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, uşağın müəyyən yaşdan sonra telefonda nələrəsə baxması artıq onun öz seçimləridir: "Bizim maksimum edə biləcəyimiz şeylər odur ki, uşağın edəcəyi seçimlər doğru olsun. Uşağa onu öyrədib hazırlamalıyıq ki, artıq öz düşüncəsi ona icazə versin ki, nəyə baxmaq lazımdır, nəyə yox. Amma onu idarə edib nələrəsə məcbur baxmağa, ya da baxmamağa qadağa qoymaq olmaz, bu, yaxşı nəticə verməyə bilər. Çünki uşaqlar indiki dövrdə ümumiyyətlə, istədikləri hər şeyi edə bilirlər. Sadəcə bizim ondan xəbərimiz olmur deyə, düşünürük ki, eləmədi.
Burada məsələ nəyisə qadağa qoymaq, ciddi nəzarətə götürmək deyil. Elə uşaq yetişdirmək lazımdır ki, doğru seçimlər edə bilsin. Üstəlik valideynlər də gərək bir az hər şeyə realist yanaşsınlar. Onlar düşünməsinlər ki, mənim uşağım, ümumiyyətlə, pis heç nəyə baxmasın. O, uşaqdır, insandır, dünyanı tanıyır, öyrənir. Ona çox şey maraqlı olacaq, çox şeyə baxa bilər. Kimdənsə soruşa bilər və sair. Sadəcə elə münasibət yaratmaq lazımdır ki, o, gördüyü, eşitdiyi bir şeydən sualı, şübhəsi, qorxusu yarananda valideyninə rahat şəkildə yaxınlaşıb onu bildirə bilsin. Həmişə bunu qeyd edirəm ki, valideynlər düşünməsinlər ki, qadağa varsa, demək uşaq təhlükəsizlikdədir, artıq uşaq hər şeyi bilir, öyrənib və onu təhlükə gözləmir. Elə bir şey, təəssüf ki, yoxdur".
"Yaxşı olar ki, valideyn öncədən uşaqla münasibətini elə qursun ki, artıq yeniyetməlik yaşına gələndə "bu problemi necə edək?, aramızda problem var imiş" kimi məsələlər ortaya çıxmasın. Bu, bəzən gec olur. Problemi dərk etmək, onu anlamaq, həll etmək həm vaxt alır, həm də artıq uşaqla valideyn arasında əlaqə yoxdur deyə, heç kim heç kimi eşitmir. Nə uşaq valideynini dinləyir, başa düşmək istəyir, nə də valideynin hövsələsi var. Valideyn düşünür ki, mən uşağa necə tərbiyə verdim ki, bu belə oldu. Məsələ yalnız tərbiyə və idarə etmək deyil. Uşaqla münasibət qurmaq lazımdır, sevgini, səmimiyyəti göstərmək lazımdır. Bu, güvəni qazana bilməkdir. Uşağın bizə güvənməsi üçün səbəbləri, əsasları olmalıdır. Əgər uşağın bu günə kimi dediyi hər hansı söz sonradan onun üzünə vurulubsa, söylədiyi sirlər deyilibsə, uşaq sizə inana bilməz. Həmişə valideynlər düşünür ki, bu problem indi yarandı. Yeniyetməlik dövründə problemlər üzə çıxır. Problem öncədən var idi. Sadəcə uyğun şərait yox idi ki, üzə çıxsın" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB