Uşaqların anadan olmasına görə müavinət nə qədərdir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər uşağın doğulmasına görə birdəfəlik müavinət almaq hüququna malikdir". Bu sözləri SİA-ya açıqlamasında vəkil Anar Qasımlı deyib.

O bildirib ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an proaktiv qaydada təyin olunur: "Xidmət proaktiv göstərildiyi üçün hər hansı bir sənəd təqdim edilməsi tələb olunmur. Müavinətin məbləği 500 manatdır. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. 1 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət edilmədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən uşağın anadan olmasının qeydiyyatına dair əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunur.

Sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Uşağın hər iki valideyni işləmədiyi halda dövlət büdcəsi hesabına, valideynlərdən biri işlədiyi və xeyrinə məcburi dövlət sosial sığorta ödənişləri edildiyi halda isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına uşağın anadan olmasına görə qanunvericiliklə müəyyən olunmuş məbləğdə birdəfəlik müavinətin təyin edilir.

Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 (beş) gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə