“İctimai mədəniyyət yüksək səviyyədə təmin olunmalıdır” - SOSİOLOQ DANIŞDI
“Azərbaycan son illərdə böyük beynəlxalq platformalara ev sahibliyi edir. Bir sıra qlobal, regional tədbirlər paytaxt Bakı və regionlarda keçirilir. Bütün bunlar ölkəmizə olan turistik marağı artırır. Bu cür tədbirlər ölkəmizin dünyada tanınmasında mühüm fürsətdir. Eləcə də Azərbaycanın dünya ölkələri ilə “boy sırası”nda daha yüksək zirvədə yer alması üçün çox böyük avantajdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
O bildirib ki, beynəlxalq tədbirlərə ev sahibliyi etmək böyük məsuliyyətdir: “Azərbaycan bir neçə ildir ki, bənzər tədbirlərə ev sahibliyi edir və çox yüksək şəkildə missiyanı həyata keçirir. Hətta Azərbaycan bu istiqamətdə örnək ölkə olaraq nümunə göstərilir. Məhz bu tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsinə görə, hər zaman dövlətimizə etimad göstərilib.
Şübhəsiz ki, bu cəmiyyət olaraq bizi həm sevindirir, həm də əlavə məsuliyyət yaradır. Çünki cəmiyyətimiz də belə tədbirlərə hazır olmalıdır. Turistik məkana çevrilən, qlobal platformaların keçirildiyi ölkəmiz cəmiyyət olaraq da dünya üçün maraqlıdır, gələn qonaqlarda cəmiyyətimiz ilə bağlı da təsəvvür formalaşır. Buna görə də çalışmalıyıq ki, yüksək mədəni toplum kimi onların yaddaşında qalaq. İctimai mədəniyyət yüksək səviyyədə təmin olunmalıdır. Çünki COP29-un iştirakçısı olan dövlətlərin sayı çoxdur və bu da cəmiyyət olaraq bizdən əlavə məsuliyyət tələb edir. Ölkəmizdə olan qonaqlara qarşı yüksək səviyyədə həssaslıq, qonaqpərvərlik, empatiya tələb olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB