Bakıda qurumuş və qəzalı ağacların götürülməsi aparılır - FOTOLAR

Bu ilin yay aylarında havaların qeyri-sabit keçməsi, küləkli günlərin sayının artması səbəbindən şəhərin müxtəlif ərazilərində qurumuş və qəzalı ağaclar insan həyatı ilə yanaşı şəhər infrastrukturu, kommunikasiya xətləri və vətəndaşların əmlaklarına ciddi təhlükə yaradır. SİA xəbər verir ki, bununla əlaqədar olaraq son günlərdə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxt rayonlarının ərazilərində olan yaşıllıqların vəziyyəti ilə bağlı keçirlən monitorinqlərin intensivliyi artırılıb. Monitorinqlərin nəticəsi olaraq Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Bakının 12 rayon üzrə müxtəlif ünvanlarda quru və qəzalı ağacların götürülməsinə və ya budanmasına rəy alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət edilib.

ETSN mütəxəssisləri tərəfindən ərazidəki ağaclara baxış keçirilir və onların götürülməsi və qurumuş budaqların budanması ilə bağlı rəylər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə təqdim edilir.

Təqdim edilən rəylər əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilk mərhələdə mərkəzi küçələrdən, hərəkətin sıx olduğu ərazilərdən, yol kənarlarından bu ağacların götürülməsi və budanma işlərinə başlayıblar. Bakının bir neçə rayonunda işlərə başlanılıb, kəsilən ağaclar və budanan budaqlar ərazidən yığışdırılaraq təmizlik işləri aparılır.

Eyni zamanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əmkdaşları gündəlik olaraq mövcud ağaclara qulluq göstərilməsi, ağac, kol və güllərin, qazon örtüyinin suvarılması işlərini həyata keçirirlər.

Qeyd edək ki, payız mövsümündə götürülən hər bir ağacın yerində iqlimə uyğun yeni ağaclar əkiləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə