"İlk zamanlarda olan müəyyən anlaşılmazlıqlar təbiidir" - DEPUTAT FİKİR BİLDİRDİ

“Azərbaycan səhiyyəsi hazırda sürətlə inkişaf edir. Bugünkü səhiyyəmiz beş-on il öncəki səhiyyəmiz ilə müqayisəyəgəlməz qədər yüksəlib. Prezident cənab İlham Əliyev səhiyyənin inkişafına hər zaman böyük diqqət ayırır. Bakı şəhəri ilə yanaşı, rayonlarımız da tibbi avadanlıqlarla təchiz olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, əvvəllər müayinə və müalicə üçün xarici ölkələrə üz tutan vətəndaşlarımız, artıq öz səhiyyəmizə güvənirlər: “Xaricdən də ölkəmizin səhiyyə sisteminə müraciət edənlərin olması işlərin düzgün aparıldığının nümunəsidir.
Bu gün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səhiyyədə dövlət siyasətini dəqiq və düzgün yerinə yetirilməsinə diqqət edən bir qurumdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vətəndaşlarımızın sağlamlıqlarının qorunmasını təmin edirlər.

Xüsusilə İTSDA-nın fəaliyyəti qeyd olunmalıdır. Agentlik yarandığı gündən bu günə qədər çox mühüm işlər görür, insanlar arasında çox böyük rəğbət qazanıb. Demək olar ki, operativ şəkildə onlara edilən bütün müraciətləri vaxtında və yüksək səviyyədə həll edirlər. Artıq İTSDA-nın xidmətlər zərfi olduqca genişlənib. Bu da vətəndaşların bir çox müalicə və əməliyyatlara ödənişsiz şəkildə nail olmasına şərait yaradır. İlk zamanlarda olan müəyyən anlaşılmazlıqlar təbiidir. Hansı ki, artıq həmin narazılıqlar yoxdur, neqativ hallara rast gəlinmir.
Müvafiq qurumların birgə təşkilatçılığı sayəsində səhiyyəmiz daha da inkişaf edəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə