“Müasir gənclər ailə qurmağa tələsməməlidirlər“ - PSİXOLOQ DANIŞDI

“Müasir gənclər psixologiya, insan münasibətləri, texnologiyanın inkişaf etdiyi bir dövrdə bir çox məsələdə məlumatlı olduqlarını və buna görə də düzgün uşaq tərbiyə edə biləcəklərini düşünürlər. Lakin gənclər özləri hələ tam formalaşmaqda çətinlik çəkirlər. Düşünürəm ki, hazırda seçim çoxdur. Əvvəllər gənclər seçim qıtlığından əziyyət çəkirdisələr, indi isə seçimin çox olmasından özlərini tapa bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, hazırda gənclərin bir çoxu aldıqları informasiyanı doğru təhlil edə bilmirlər: “Hazırda gənclər öz karyeralarına çox düşkün olduqlarından, bir qisminin ailəyə vaxt ayırmaq kimi şansları artıq qalmır.
Müasir gənclər ailə qurmağa tələsməməlidirlər. Çünki onlarda ailə və uşaq prioritetdə deyil. Onlar üçün birinci yerdə əsasən şəxsi inkişafları dayanır.

Uşaq tərbiyəsində fiziki cəza yolverilməzdir. Lakin nəzərə almaq lazımdır ki, bəzi psixoloji cəzalar var ki, onların təsiri fiziki cəzadan daha da ağır olur. Psixoloji cəza uşaqların psixologiyasında dərin izlər buraxır. Bu isə gələcəkdə onların insanlarla münasibətdə problemlərin yaranmasına səbəb olur. Buna görə də uşağa psixoloji şiddət göstərməməyə diqqət etmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə