Öldükdən sonra mərhumun pensiyası kimə verilməlidir? - MÜNASİBƏT BİLDİRİLDİ

“Pensiya yaşına çatmadan dünyasını dəyişən insanların pensiya kapitalı qanunla heç kimə verilməli deyil. Ərin pensiyası çoxdursa, öləndən sonra həyat yoldaşına fərq verilir, yaxud da əksinə olur”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə burada ər-arvad məsələsi var: “Bundan əlavə ölənin himayəsində kimsə varsa pensiya ona verilə bilər. Mənəvi cəhətdən deyirik ki, adam ömrü boyu işləyib, qazanıb, yaşasaydı pensiyasını alacaqdı. Bir də məsələnin ikinci, yəni iqtisadi tərəfi var. Biz hamımız işləyirik və Dövlət Sosial Müdafiə Fonduna məcburi sığorta haqqı ödəyirik. Bizim vəsaitlərimiz hesabına indiki təqaüdçülər pensiya alırlar. Sabah biz qocalanda o zaman işləyənlərin gəlirindən tutulan vəsaitlər hesabına bizə pensiya veriləcək”.

Vəkil bildirib ki, təqaüdçülərə pensiyanın çatması üçün iki yol var: “Ya gərək sosial sığorta haqlarını artıraq, ya da dövlət büdcəsindən daha çox vəsait ayrılsın. Amma büdcədən vəsaitin ayrılması çətin məsələdir. Hazırda ölkədə icra olunmalı çox layihə var. Əgər bu qanun halını alırsa icra olunmalıdır”.

Əkrəm Həsənov bəzi insanların uzunömürlü olduğunu da əlavə edib: “Elə insanlar var ki, onlar çox yaşayır. Yəni onların pensiya kapitalı qurtarır. Bu halda Dövlət Sosial Müdafiə Fondu onlara deyirmi ki, pensiya kapitalın qurtarıb sizə pensiya vermirik? Yox, ödənilir. Gələcəkdə insanların gəlirləri o qədər yüksək olmalıdır ki, bizdən daha çox pul tutulsun. Məsələn, Avropada belədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə