"Qiymət dəyişilir, keyfiyyət də yüksələcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qiymət dəyişimi ilə bağlı hələ iki il əvvəl ictimai nəqliyyatda çalışan özəl daşıyıcılar dövlətə müraciət etmişdilər. Bu müraciətlər dəfələrlə olmuşdu, həm də yazılı formada media vasitəsilə". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

O bildirib ki, ictimai nəqliyyatın avtobus seqmentində çalışan özəl daşıyıcılar gediş haqqının 60 qəpik civarında olmasını xahiş edirdilər: "Onlar bunu onunla əsaslandırırdılar ki, bir sərnişinin daşınması onlara 85 qəpiyə başa gəlir. Ona görə hal-hazırda çalışmaq onlara sərf etmir və ziyana işləyirlər. Dövlət onu nəzərə aldı, lakin qiyməti 100% yüksəltmədi. Qiymət 30 qəpikdən 40 qəpiyə dəyişdirildi. Bu gün isə həmin qiymət 50 qəpik təşkil edir. Yenə də dövlət sosial yönümlü siyasətini nəzərə alaraq qiymətləri kəskin yüksəltməyib.

Qiymətlərin dəyişməsində biz uzaq perspektivə baxmalıyıq. Artıq Bakının ictimai nəqliyyatında atmosferə zərərli karbon qazını buraxan, eyni zamanda dizel mühərriki ilə çalışan avtobusların istismar olunması qadağan olunub. Dizel mühərrikli avtobuslar Bakının ictimai nəqliyyatında çalışa bilməz. Bunun üçün də bütün daşıyıcılar həmin avtobus parkını yeniləməlidirlər. Dizel mühərrikli avtobuslardan imtina etməlidirlər. Bu da, təbii ki, özəl daşıyıcılara külli miqdarda ziyan olacaq. Həm bu avtobusların dövriyyədən çıxarılması, həm də onları yeni avtobuslarla əvəz etmək heç də ucuz başa gəlməyəcək. Bu tərəfdən biz bunu dövlətin biznesə təklif etdiyi bir güzəşt kimi də qəbul etməliyik. Eyni zamanda burada cəmiyyətin də fikri nəzərə alınıb. Özəl daşıyıcıların xahişinə görə qiymət 100% yüksəlməyib, yenə də 50 qəpik civarında saxlanılıb".

"Bununla yanaşı dövlət özəl daşıyıcılara da subsidiya verilməsini təmin edəcək. Yeni bir sistem yaradılır, yeni bir proqram olacaq. Bu, "Brutto müqaviləsi" adlanır. Dünyanın ən inkişaf etmiş ölkələrində bu sistem mövcuddur. Dövlətin özəl daşıyıcılara olan dəstəyidir. Daşınmasından asılı olmayaraq dövlət özəl daşıyıcılara müəyyən kompensasiya təklif edəcək.

Məqsədlərdən biri də odur ki, 2030-cu ilə qədər bizim ölkəmiz təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməlidir. Bu bizim dövlət proqramlarımızda təsbit olunub. 2022-2026-cı illəri əhatə edən sosial inkişafa dair proqramlarda da var. 2030- Azərbaycanın milli prioritetlərində də bu göstərilib. Ona görə biz bu gündən buna hazırlaşmalıyıq.

Gələcəyə doğru atılan addımlardan biri də qiymət dəyişimidir. Dünyanın iqtisadiyyatında baş verən dəyişikliklərə biz də hazır olmalıyıq. Onu iqnor edə bilmərik. Dünya iqtisadiyyatında baş verən dəyişikliklər, enerji daşıyıcılarının qiymətlərinin bəzən kəskin yüksəlməsi, bəzən kəskin azalmasına da xüsusi diqqət yetirməliyik. Neft ölkəsi olaraq buna hazır olmalıyıq. Ona görə də bu gündən bu önləyici tədbirlər həyata keçirilir.

Bunu da nəzərə almaq lazımdır ki, qiymət dəyişikliyi olursa, əlbəttə ki, ictimai nəqliyyatda gediş də daha təhlükəsiz və komfortlu olacaq. Payızda biz yeni ekoloji cəhətdən təmiz elektrobusların gəlişini gözləyirik. Təxminən 150 ədəd belə avtobusların gəlməsi gözlənilir. Bunu İqtisadiyyat Nazirliyi ilə Çinin "BYD" elektrobus istehsalçı şirkəti arasındakı müqavilə və memorandumdan bilirik. Daha sonra Nəqliyyat Nazirliyi də bu xəbəri təsdiq etmişdi. Odur ki, qiymət dəyişilir, keyfiyyət də yüksələcək. Artıq özəl daşıyıcılar da bu məsuliyyəti hiss etməlidirlər. Hansı özəl daşıyıcı ictimai nəqliyyatda çalışa bilməyəcəksə, öz avtobus parkını yeniləyə bilməyəcəksə, o, yəqin ki, özünü başqa sahədə sınya bilər, başqa sahədə çalışa bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə