"Qanunda hər hansı bir istisnalar, icazələr nəzərdə tutulmur" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qohum evlilikləri ilə bağlı qanunda hər hansı bir istisnalar, icazələr nəzərdə tutulmur". Bu sözləri SİA-ya açıqlamasında vəkil Anar Qasımlı deyib.

O bildirib ki, ölkədə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahları ilə bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi hazırlanıb: "Qanun qüvvəyə mindikdən sonra bütün münasibətlərə şamil olunacaq. Təxminən 2025-ci ildən etibarən bu qanun qüvvəyə minəcək. Bu da artıq dolayısı ilə cəmiyyətin həmin yeni normaya hazırlanması mənasına gəlir. Layihə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. Belə ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmin edilməsinə və cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur.

"Qohum evliliyinə qoyulan qadağa hazırda nişanlı olanlara da aid edilirmi?" dedikdə, yəni hal-hazırda elə insanlar var ki, qohum, amma nişanlıdılar, yaxud da, ailə qurublar və nikahlarını rəsmiləşdirməyiblər, faktiki olaraq qanunun qüvvəyə minməsinin uzun müddət təxirə salınması bu məqsədə xidmət edir ki, insanlar artıq bu müddətdə nə qədər ki, yeni qanun qüvvəyə minməyib mövcud olan münasibətləri tənzimləyib rəsmiləşdirsinlər. Amma qanun qüvvəyə mindikdən sonra heç kəsə istisna nəzərdə tutulmayıb".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə