Şəhər sakinləri yayda sərinləmək üçün nələr edir? - SORĞU

Yayda havaların həddən artıq isti keçməsi halsızlıq, nəfəs darlığı kimi problemlərə yol açır. Yay fəsli dünyanın hər bir yerində isti havalarla müşayiət olunur. Bəzi ölkələrdə hələ də davam edən günəşli günlərdə müxtəlif sərinlənmə üsullarından istifadə olunur. Bəs isti aylarda sərinlənmək üçün nə etməliyik. SİA olaraq şəhər sakinlərindən "Yayda sərinləmək üçün nə edirsiniz?" sualı ilə sorğu keçirdik.

Şəhər sakini Aysu Ağayeva: "Yayda sərinləmək üçün dənizə, göl kənarına gedirəm. Sərinləmək üçün sərin içkilərə daha çox üstünlük verirəm. Dondurma da yeyirəm. Gün kremindən də istifadə edirəm, amma gün kremindən hər gün istifadə etmirəm. Əslində mən günəşi sevirəm. Papaq istifadə etmirəm, çünki papaqda özümü narahat hiss edirəm".

Şəhər sakini Məhəmməd Aslanov: "Bizim Sulutəpədə bağ evimiz var, yayda oraya gedib istirahət edirik. İşdə də sərinləmək üçün sərin sular içirəm, dondurma yeyirəm. İşdən vaxt olanda dəniz kənarına da Şıxovda sərinləməyə, dincəlməyə çalışıram".

Şəhər sakini Şəlalə Gözəlova: "İmkan olduqca həftə sonları dəniz kənarına gedirik, şəhərin parklarından istifadə edirik, vaxt olduqca da rayonlara hələ ki, turlarla çıxırıq. İşlə bağlı məzuniyyət götürməmişəm. Məzuniyyət götürən kimi istirahətə gedəcəyik. Sərinləmək üçün də sərin içkilərdən, sərin meyvə-tərəvəzlərdən yeyirik. Suyu çox içmək olmur, amma meyvə yemək daha yaxşıdır".

Şəhər sakini Zəhra Quliyeva: "Kollecdə təhsil alıram. Bu isti yay günlərində ən çox sərinləmək üçün əlbəttə ki, kondisionerli otaqda olmağa üstünlük verirəm. Əsasən çalışıram ki, çölə çıxmayım. Çıxanda da axşamüstü çıxıram, günəş batandan sonra. Çünki günəşə allergiyam var. Sərin içkilərdən, dondurmadan çox istifadə edirəm. Gəzməyə çıxanda dənizkənarı bulvara gedirəm, çünki axşamüstü sərin olur. Amma çalışıram ki, şəhərdə bürkü yerləri gəzməyim. Gün kremindən mütləq istifadə edirəm".

Şəhər sakini Könül Əliyeva: "Yayda sərinləmək üçün daha çox bağa gedirəm, bağda hovuz da var. Parklarda da yəqin ki, sərinləmək olar. Amma çox vaxt olmur, səhər iş, axşam evə gedirik. Reallıq daha çox kondisionerli şəraitdə qalmaqdadır. Hər yerdə mütləq kondisionerdən istifadə edirik. Qidalardan da daha çox yüngül yeməklərdən istifadə edirəm. Badımcan vaxtıdır, tərəvəzlər bişirirəm. Pendir, qarpız, yemiş yeyirəm. İstiyə görə ət yemək olmur. Mən çox su həvəskarı deyiləm, amma sərin meyvə ola bilər".

Şəhər sakini Fidan Əlimətova: "Sərinləmək üçün əsasən öz rayonuma gedirəm. Çünki Qusar rayonu çox sərin olur. Ən çox Şahdağa və kəndimizə səyahət edirəm. Bu yerlər gün ərzində çox sərin olur. Şəhərdə isə ağacların altında, bulvarda vaxt keçirirəm. Ən çox salatlarla qidalanıram, yüngül yeməklər seçimimdir. Dondurma isə yayın əvəzolunmazdır. Gün kremindən də istifadə etmirəm, deyəsən, günəşə davamlıyam. Gündə bir litr ancaq su içirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə