“Cəmiyyət dövlətin və polisin yanındadır” - ŞƏRH OLUNDU

“Polislərlə bağlı sonuncu baş verən hadisə keçən il baş verən hadisələrin təxminən ildönümündə baş verir. Keçən ilin də bu zamanları polislərlə bağlı diskusiyalar gedirdi. Bəzi qruplar var ki, polis üzərindən bütövlükdə Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası qururlar. Bu qruplar sosial şəbəkələrdə də ciddi şəkildə təşkilatlanırlar”. Bu sözləri SİA-ya açıqlamasında “Qlobal Media və Siyasət Araşdırmaları” ictimai birliyinin sədri Azər Ayxan deyib.

O bildirib ki, sözügedən qrupların sosial şəbəkələrdə özlərinə “barikada” qurduqları məlumdur: “Onlar müxtəlif vasitələrlə ümumi rəyi polisin, bütövlükdə dövlətin əleyhinə çevirməyə çalışırlar. Təbii ki, Azərbaycan xalqı polisin üzərinə edilən bu hücumun arxasında nələrin dayandığını yaxşı bilir. Bu cür təxribatlara aldanaraq Azərbaycan xalqı dövlətə qarşı çıxmır. İllərdir ki, buna cəhd olunur. Amma müəyyən mərhələdə cəmiyyət emosional reaksiya versə belə, doğru və yanlış anlaşılır. Bu da Azərbaycan cəmiyyətinin ən böyük özünü qoruma mexanizmidir. Cəmiyyətimiz özünü dost kimi göstərən qrupların mahiyyətini tezliklə aşkar edə bilir.

Sonuncu baş verən hadisə də olduqca üzücüdür. Polislərimiz cinayətkar tərəfindən qətlə yetirildi. Hər bir vətəndaş üçün bu hadisə çox kədərlidir. Bizim gənclərimizi cəbhədə itirdikdə canımız yanırdı. Amma daxili, cinayətkarlara qarşı olan qarşıdurmalarda şəhid olan polislərimizlə bağlı kimlərinsə mənfi rəyi təcili şəkildə dəyişdirilməlidir.
Ölkəmizdə sabitlik pozularsa bunu yenidən bərpa etmək və əvvəlki vəziyyətinə qaytarmaq çox çətin olacaq. Bunu ən müxtəlif ölkələrdə də gördük. Azərbaycan cəmiyyəti bu travmanı 1990-cı illərin əvvəlində yaşayıb. Bu hadisələri bir daha yaşamamaq üçün cəmiyyət hər zaman dövlətin və polisin yanındadır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə