“Bəzi yerlərdə tikilən evlərə çıxarış verilməyəcək” - EKSPERT DANIŞDI

“Bir sıra ərazilər var ki, həmin yerlərdə tikilən evlərə çıxarış verilməyəcək. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu portalın ilin sonuna qədər fəaliyyətə başlayacağı ilə bağlı məlumat verilmişdi. Portalda sırf müəyyənedici sənədləri düzgün olan evlərin çıxarışla təmini istiqamətində işlər görüləcək. Yəni bu o demək deyil ki, portala müraciət edən istənilən sənədsiz ev bağlı qeydiyyat aparılacaq”. Bu sözləri SİA-ya danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.

“Sadəcə, o evlər qeydiyyata alınacaq ki, onun müəyyənedici sənədləri tam qaydasında olsun. Daha dəqiq desək, kommunikasiya xətlərinin, neft müqaviləsinə aid olan torpaqların üzərində tikilən evlər çıxarışdan kənarda qalacaq. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində olan evlər isə təyinatlarının dəyişdirilməsi barədə Nazirlər Kabinetinə müraciət etməlidir. Əgər bu istiqamətdə qərar verilərsə, o zaman həmin evlərə də çıxarış verilə bilər”,- deyə o əlavə edib.

Ekspert bildirib ki, hazırda sənədsiz evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri mövcuddur: “Onsuz da, çıxarışı olmayan evlərin əksəriyyətində yalançı bələdiyyə sənədləri çoxdur. Bu bələdiyyələrin həmin evlərə qanunsuz şəkildə müvafiq arayış, sərəncam və texniki pasport verməsi ilə bağlıdır. Bunun əsasında həmin sənədsiz evlər tikilib. 2007-ci ilə qədər bələdiyyələr tərəfindən verilən sənədlər əgər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın ayrılmasına dair rəy də varsa, o zaman həmin torpaq sahələrinə çıxarışlar verilir. 2007-ci ildən sonra isə bələdiyyələr torpaq satışlarını yalnız hərrac vasitəsi ilə həyata keçirməli idilər. Müvafiq olaraq, vətəndaşlara çıxarışla torpaq sahələri satılmalıydı. Çox təəssüflər olsun ki, bələdiyyələrin bir çoxu bu şərtlərə əməl etmədi və onların mülkiyyətində olan torpaq sahələrinin vətəndaşlara qanunsuz yolla satılması həyata keçirildi. Bu məsələlər hamısı portala müraciət zamanı mütləq şəkildə nəzərə alacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə