“Adlar xüsusi komissiyanın razılığı əsasında verilməlidir“ - VƏKİL AYDINLIQ GƏTİRDİ

“Hər hansı obyektə görkəmli şəxsin adı veriləndə onun peşəsi ilə uyğunluq gözlənilməlidir. Yeri gəldi-gəlmədi müxtəlif obyektlərə, ərazilərə, binalara tanınmış, xüsusilə də siyasi xadimlərin, hərbçilərin adlarının verilməsi sovet dövrünün qalıqlarıdır”. Bu sözləri SİA-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib.

Hüquqşünas bildirib ki, o vaxtlar bu dəb idi: “Ölkənin bütün şəhər, qəsəbə, hətta kəndlərində mərkəzi küçələrə Lenin adı verilirdi. Hətta stadiona, konsert salonuna Leninin və yaxud digər siyasi xadimlərin, inqilabçıların adları verilirdi. Bu, düzgün təcrübə deyil. Yalnız keçmiş sovet ölkələrində yayılmış məsələdir. Əlbəttə, ölkənin tarixində, dövlətçiliyində rolu olmuş hər bir şəxsin, vətən uğrunda şücaət göstərmiş, həlak olmuş hər bir şəxsin xatirəsini əbədiləşdirmək lazımdır. Amma bunu düzgün istiqamətləndirmək, həmin şəxsin çalışdığı sahəni nəzərə almaq lazımdır. Tutaq ki, şəxs idmançıdırsa, idman sahəsi ilə bağlı məkanlara adını vermək doğru olar. Məsələn, Bakıda Tofiq Bəhramov adına stadion var, bu, çox düzgündür. Məşhur bəstəkarların adlarını gətirib stadiona qoymaq düzgün deyil. Həmçinin, hərbçilər də bu məsələyə daxildir. Belə şəxslərin adlarını hərbi təyinatlı obyetklərə vermək lazımdır. Hərbi məktəblər, hansısa hərbi təyinatlı binalara vermək olar. Həmçinin, bu adamların adlarını yaşatmaq üçün küçə və prospektlərə də onların adlarını vermək doğru qərardır”.

O hesab edir ki, adlar xüsusi komissiyanın razılığı əsasında verilməlidir: “İdman zallarına, az qala gözəllik salonlarına, şadlıq saraylarına elə adlar qoyurlar ki, adamın tükləri biz-biz olur. O insanların xarakterinə, xatirəsinə yaraşmayan obyektlərə onların adını qoyurlar. Bunun qarşısı alınmalıdır. Bizdə rayon icra hakimiyyətlərinin nəzdində küçələrə ad verilməsi ilə bağlı xüsusi komissiya var. Komissiyada tarix, mədəniyyət sahəsində bilikləri olmuş şəxslər toplaşırlar. Onlar da bu uyğunluğu düşünüb qərar verirlər. Bəzən abad olmayan küçəyə elə məşhur şəxslərin adlarını verirlər ki, adam utanır.

Obyektlərə gəldikdə isə bunu nizamlayan normativ akta rast gəlməmişəm. Mənə elə gəlir ki, belə bir akt da yoxdur. Ona görə də kim istəyir, ad qoyur. Hesab edirəm ki, obyektlərə ad qoymaq məsələsi həmin komissiya tərəfindən müəyyənləşməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə