Sevgililər günü hansı tarixdə qeyd olunmalı: 14 fevral yoxsa 30 iyun? - SORĞU

Hazırda dünyanın bir sıra ölkələri 14 fevral tarixini “Sevgililər günü” olaraq qeyd edirlər. Digər adı “Valentin günü” olan 14 fevralı Azərbaycanda da qeyd edənlər az deyil. Bir sözlə, dünya ölkələrində, o cümlədən Azərbaycanda 14 fevral həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və bunu kütləvi şəkildə qeyd etdiyi danılmazdır. Azərbaycanda 30 iyun tarixi Sevgililər günü kimi qeyd olunur. Ən əsası isə bu günün tarixinin xüsusi özəlliyi var. Belə ki, 30 iyun tarixi 1990-cı ildə törədilmiş 20 Yanvar qırğını zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günüdür. 2003-ci ildən bəri onların toy günü - 30 iyun Azərbaycanda qeyri-rəsmi olaraq “Sevgililər günü” kimi yaddaşlara yazıldı. SİA vətəndaşlar arasında "Sevgililər günü 14 fevralda, yoxsa 30 iyunda keçirilməlidir?" sualı ilə sorğu keçirib.

Şəhər sakini Ellada Məmmədova: "Elə fikirləşirəm ki, sevginin günü yoxdur. Məncə, bir-birinə dəyər verən insanlar üçün hər gün hədiyyədir. Onlar bir-birini hər gün təbrik etməlidirlər. Bunun üçün xüsusi gün olması mənasızdır. Azərbaycan cəmiyyətində isə Sevgililər günü 30 iyun olmalıdır. 14 fevralı dünya qeyd edirsə, biz də İlhamla Fərizənin xatirəsi üçün 30 iyunda keçirsək, daha uyğun olar".

Şəhər sakini Asya Məmmədova: "Mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikinci kurs tələbəsiyəm. Sevgililər gününə qarşıyam, ona görə ki, sevginin günü olmur. Nə 30 iyun, nə də 14 fevralı sevgililər günü hesab etmirəm. Sevən sevdiyinə dəyər verirsə, hörmət edirsə, o sevgini hər gün göstərə bilər. Vacib deyil, bunun üçün ayrı gün qeyd edilsin. Ona görə də qarşıyam və keçirilməsinə yaxşı baxmıram".

Şəhər sakini Nahid Bayramov: "Məncə, Sevgililər günü 14 fevralda olmalıdır. Lakin, mənə görə, sevginin tarixi və günü olmur. Sevən sevdiyinə hər zaman dəyər verməlidir".

Şəhər sakini Şəms Hüseynli: "Sevgililər günü 14 fevral və 30 iyunda yox, bahar aylarında olsa, daha yaxşı olar. Mart, aprel və may aylarında olsa, daha uyğundur. Çünki bahar gəlir, güllər açır, sevgi günləri başlayır. Yəni sevginin günü olmalıdır".

Şəhər sakini Müslümat Məmiyeva: "Sevgililər günü 30 iyunda olsa, bizim üçün daha düzgün olar. Sevgililər bir-birinə hər gün dəyər verirlər deyə düşünürəm. 30 iyunda Sevgililər günü qeyd olunsa, özəl gün olaraq, xatirə kimi yaddaşlarda qalacaq. Ona görə Sevgililər gününün olması düzgündür".

Şəhər sakini Mələk Tağıyeva: Mənə görə, Sevgililər günü 14 fevralda olmalıdır. İndi isə yeni təqvimlə, 30 iyunda, yayda keçirirlər. Cavanlar elə edə bilərlər. Mənim fikrimdə, həmişə 14 fevralda olan beynəlxalq bayram qalıb. Sevginin günü olmur, amma Sevgililər günü olması yaxşıdır. Çünki qeyri-ixtiyarı olaraq həmkarınız sizə mütləq hədiyyə alacaq, siz də, o da sevinəcəksiniz. Hər gün hədiyyə alınmır. İldə bir dəfə alınsa, böyük şeydir. Mənim isə ən sevdiyim doğum günlərində və Yeni ildə alınan hədiyyələrdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə