“Yay fəslində karbohidrat qəbulu mütləq azaldılmalıdır“ - MÜTƏXƏSSİS XƏBƏRDARLIQ ETDİ

“Yay fəslində insanlar qəbul etdiyi qidalara xüsusi diqqət etməlidirlər. Xüsusilə xroniki xəstəlikdən əziyyət çəkən insanlar yüksək dərəcəli hava şəraitində qəbul etdiyi qidalara diqqətlə yanaşmalıdırlar. Çox isti, qızardılmış, turşulu yeməməliyik, qırmızı ətə üstünlük verməməliyik”. Bu sözləri SİA-ya açıqlamasında qida mütəxəssisi Günay Quluzadə deyib.

Mütəxəssisin sözlərinə görə, daha çox yüngül qidalara üstünlüyün verilməsi məqsədəuyğundur: “Tərəvəzli qidalar, soyuq şorbalar, süd məhsulları, meyvə salatları, tərəvəz salatları, yüngül qızardılmış balıq qida rasionumuzda üstünlük təşkil etməlidir. Yaxşı olardı ki, qurudulmuş meyvə yerinə təzə meyvələrə üstünlük verilsin. Meyvə şirələri əvəzinə isə daha çox meyvələrin özü ilə qidalanma vacibdir. Şirniyyat ehtiyacımızı təzə meyvələrlə ev şəraitində hazırladığımız dondurmalarla ödəyə bilərik. Tərəvəzli porsiyalara üstünlük vermək əlverişlidir”.

G.Quluzadə əlavə edib ki, karbohidrat qəbulu mütləq azaldılmalıdır: “Əksinə, protein qəbulumuzu çoxaltmalıyıq. Bildiyimiz kimi, insanlar karbohidrat dediyimiz zaman ağıllarına daha çox un məmulatları gəlir. Amma, meyvə və tərəvəzlərin çoxunda da karbohidrat yetərincə çoxdur. İçkilərə gəlincə, insanlar daha çox qablaşdırılmış, qazlı, enerjili içkilərə üstünlük verirlər. Amma yay fəslinin ideal içkisi sərinləşdirici təbii meyvə şirələri və ev şəraitində hazırlanmış limonad sərinləşdirici içkilərdir. Vətəndaşlarımızın bunlara üstünlük verməsi daha məqsədəuyğundur”.

Bütün xəbərlər Facebook səhifəmizdə