"Səbr insanı möhkəmləndirir, dağ kimi təmkinli edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Səbr insanı möhkəmləndirir, dağ kimi təmkinli edir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İslam əxlaqı və psixologiyasında deyilir ki, əgər bütün xasiyyətlər bədəndirsə, səbr onun başıdır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, Qurani-Kərimdə belə deyilir ki, səbr edən insanlara veriləcək mükafatın sayı-hesabı yoxdur: "Səbr etmək bu qədər mühümdür. Özümüz də həyatdan başa düşürük ki, səbr olmasa insan uğur qazana bilməz. Ümumiyyətlə, birini xarakterizə edəndə heç vaxt eşitməzsiniz ki, kimsə yaxşı adam idi, çünki çox səbirsiz idi. Hamı belə deyir: "filankəs çox səbrli, yaxşı adam idi".

İnsan istənilən problemi həll etmək üçün bacardığı qədər çalışmalıdır. Əgər alınmasa, səbr etməlidir. Bəzən yalnış anlaşır, elə bilirlər ki, insanın başına müsibət gəlsə, insan oturub heç nə etmədən səbr etdiyini deməlidir. Xeyr, elə deyil. Xəstəlik varsa, xəstəliyi sağaltmaq üçün əlindən gələni etməlidir, amma sağalana qədər səbr etməlidir. Yaxud da sağalmırsa səbrli olmalı, üsyan etməli deyil. İqtisadi problemdə vəziyyətdən çıxmaq üçün əlindən gələni etməlidir, amma düzələnə qədər səbr etməlidir və ya düzəlmirsə səbrli olmalıdır.

Əgər insan bacarırsa, Allah kiminsə pis xasiyyətinə dözməyə çox böyük savab verir. Həyat yoldaşı, valideyn, övlad, pis qonşu olsun, bunların xasiyyətlərinə əgər dözə bilirsənsə, misilsiz savab verilir, dözə bilmirsənsə vəziyyətdən çıxa bilərsən halal yolla, amma dözsən, bunun savabının misli-bərabəri yoxdur. Ona görə səbr insanı möhkəmləndirir, səbr insanı dağ kimi təmkinli edir, səbrli insan digər insanlardan üstün, kamil sayılır. Eyyub Peyğəmbər səbr etdiyi üçün tarixdə əzəmətli məqamı qalmışdı. Ona görə də səbrin çox önəmli yeri var, amma şərh olunan tərzdə. Problemin həll olunmalı yollarını axtarırsan, əgər alınmırsa səbr edirsən. Nəinki problem baş verən kimi heç nə etməyəsən, yaxud da biri sənin şəxsiyyətini, azadlığını məhv edirsə, torpağını alırsa, dininə toxunursa, bacarmadığın, tənbəllik etdiyin üçün səbrli olduğunu deyə bilməzsən. Səbr odur ki, insan bacardığı qədər yollar axtarır. Alınmırsa, səbr edir. Yaxud, hansısa şərəfli bir şeyi qorumaq üçün cismani rifahdan, rahatlıqdan imtina edirsə, bu da gözəl səbrdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə