Məkkəyə həcc ziyarəti zamanı ölənlərin sayı 1 mini keçib

Səudiyyə Ərəbistanında müsəlmanların Məkkəyə (Həcc) ziyarəti zamanı istilər səbəbindən ölənlərin sayı 1 mini keçib. SİA xəbər verir ki, bir gün əvvəl bu rəqəmin 577 nəfər olduğu bildirilmişdi.

Ölənlərin arasında müxtəlif ölkələrin vətəndaşları var. Ölənlərin yarıdan çoxu qeydiyyatdan keçməmiş zəvvarlardır. Ərəb diplomatının sözlərinə görə, ölənlərin 658-i Misirdəndir, onlardan yalnız 28-i qeydiyyatdadır.

Ötən gün Həcc ayinləri zamanı dörd rusiyalının - bir kişi və üç qadının öldüyü məlum olub. Bu ölkənin beşinci vətəndaşı hava şəraiti və fiziki yorğunluq səbəbindən xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ölüb. Ölənlərdən 4-ü Dağıstandan, digər zəvvar isə Moskva vilayətindəndir.

Həcc Məkkədə müqəddəs yerlərə edilən ziyarətdir. Bu il iyunun 14-dən 19-dək baş tutub. İyunun 16-da Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi istilər səbəbindən 2 mindən çox zəvvarın xəstəxanalara yerləşdirildiyini bildirib. Həcc zamanı, zəvvarlar uzun müddət yeməksiz, susuz və kondisionersiz qalıb, bu günlərdə Məkkədə havanın temperaturu 52°C-yə çatıb. Səudiyyə rəsmiləri iyunun 17-dən bəri ölənlərin sayını yeniləməyib.

Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, bu il Məkkəyə 1,83 milyon insan həcc ziyarətinə gedib, onlardan 1,6 milyondan çoxu əcnəbidir. Həcc ziyarətində azərbaycanlılar da var.

SƏBİNƏ

Bütün xəbərlər Facebook səhifəmizdə