Paytaxt sakinləri istirahətlərini harada və necə keçirməyi planlaşdırıblar? - SORĞU

Yay sezonu da insanların ən çox istirahət etdiyi, tətilə çıxdığı sezondur. Artıq iyun ayının əvvəlindən yay sezonu başlayıb. Yayda həm məzuniyyətlər olur, həm uşaqlar məktəbdən tətilə buraxılırlar. Paytaxt sakinlərinin bir qismi istirahət planları qursalar da, bir qismi hələ məzuniyyətə çıxmayıb və harada istirahət edəcəyini bilmir. SİA olaraq paytaxt sakinləri arasında "Bu yay istirahətlərini harada və necə keçirməyi qərara alıblar?" mövzusunda sorğu keçirdik.

Şəhər sakini Mələkxanım Soltanova: "Bu yay imtahanları keçdikdən sonra rayona gedəcəyəm. Rayondan da ailəmlə, yəqin ki, harasa gəzməyə gedərik. Hər yay rayona gedirəm, amma istirahətə getmirəm. Xarici ölkəyə getmək şansım olsa, Polşaya getmək, görmək istəyirəm. Uşaqlıqdan arzum olub. Başqa da istirahət üçün Türkiyəyə getmək istəyərdim. Şəhər içindəki hovuzları istifadə etmək isə seçimim deyil".

Şəhər sakini Aynur Vəliyeva: "Yayda xarici ölkəni yox, əvvəlcə Azərbaycanı gəzmək istəyirəm. Ən çox Tovuz, İsmayıllı rayonlarını gəzmək istəyirəm. Bu rayonlarda olmamışam. Hal-hazırda işlərim çoxdur. Həftəlik məzuniyyətə çıxacağam. Onda da Novxanıda bağımız var, oraya istirahətə gedəcəyik".

Şəhər sakini Azad Xanəlizadə: "Hələ ki, istirahəti planlaşdırıram. İstirahətə iyul ayında getməyi fikirləşirəm. Getmək istədiyim ölkələr də Balkan ölkələridir. Oraları görmək istəyirəm. Bu ölkələrə Albaniya, Serbiyanı aid etmək lazımdır. Alınsa, eyni anda Monteneqroya da getmək istəyirəm".

Şəhər sakini Təranə Ağaverdiyeva: Yay tətilində çox güman ki, Bakıda olacağam. Həm də işləyəcəm. Havalar isti olsa da, imtahanlara davam edirik. Sessiya imtahanları hələ bitməyib. İyunun 25-nə kimi Bakıdayıq. İstəyərdik ki, rayonlara gedək, bölgələrdə olaq, istirahət edək. Tələbə yoldaşlarımızla gəzmək daha maraqlı olardı".

Şəhər sakini Samirə Səmədova: "Yay tətilini, yəqin ki, dostlarımla rayona getməyi, yaxud da, əgər alınsa, Türkiyəyə getməyi planlaşdırıram. İtaliyada, Almaniyada olmaq, istirahət etmək istəyərdim. Bu yay Azərbaycanın rayonlarından Quba, Şəki, ya da ki, Lerik rayonlarına getməyə üstünlük verərdim".

Şəhər sakini Mətanət Seyidova: "Yay planımda rayona qayıtmağı düşünürəm. İstirahətimi rayonda edəcəyəm. Qəbələ rayonunda yaşayıram. Xarici ölkəyə getməli olsam, İsveçrəyə getmək istəyərdim. Çox sevirəm o ölkəni. Parisi də görmək istəyərdim, amma istirahət üçün yox, gəzmək üçün istəyirəm".

Şəhər sakini Gülbikə Mənsimli: "Tələbəyəm, imtahanlardan sonra rayona getməyi planlayıram. Bərdə rayonunda yaşayıram. Sərin rayon olmasa da, havası yaxşıdır. İstirahət üçün Oğuz, Qax, Şəkidə olmaq istəyirəm. Xarici ölkə olaraq da Fransaya üstünlük verərdim. Bu yay dənizə getməyi planlaşdırmıram".

Şəhər sakini Ceyhun Məmmədov: "Yay istirahətimi rayonda keçirməyi planlaşdırıram. Bu yay xarici ölkəyə getməyəcəyəm. İşlərim çoxdur. Hələ ki, hansı ayda istirahətə çıxacağımı da bilmirəm".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə