Azərbaycanın Məhkəmə-Hüquq Şurası Koreyada beynəlxalq tədbirdə təmsil olunub - FOTO

Bu il iyunun 9-19-da Koreyanın Korrupsiyaya qarşı mübarizə və Vətəndaş Hüquqları Komissiyası (ACRC) Azərbaycan, Özbəkistan və Tacikistanın aidiyyəti qurumlarının əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə sahəsində təlim təşkil edib. Məhkəmə-Hüquq Şurasından SİA-ya verilən məlumata görə, Koreyanın paytaxtı Seul şəhərində keçirilən tədbirdə Azərbaycanı Məhkəmə-Hüquq Şurasının Aparatına ezam olunmuş Bakı Apellyasiya Məhkəməsinin hakimi Səməd Cəfərov, Məhkəmə-Hüquq Şurasının Aparatının və Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Tədbirdə korrupsiyaya qarşı mübarizə siyasətinin həyata keçirilməsi, müvafiq sahədə maraqlar toqquşması hallarının qarşısının alınması, məlumat verən şəxslərin müdafiəsinin təmin edilməsi, bu qəbildən olan cinayət işlərinin istintaqının xarakterik xüsusiyyətləri, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı səmərəli mübarizə, aktivlərin bərpası və idarə olunması, korrupsiyaya qarşı mübarizə sahəsində hüquqi yardım və ekstradisiya mövzularında qarşılıqlı müzakirələr keçirilib.

Tədbir çərçivəsində nümayəndə heyətini qəbul edən Komissiyanın sədri Yu Çul Van seminarın qarşılıqlı münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edərək, korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişlənməsi və birgə səylərin göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Heyət tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər, bu sahədə mövcud müsbət təcrübə və qazanılmış nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Sonda təlimi uğurlu şəkildə başa vurmuş Azərbaycan nümayəndə heyətinin üzvləri müvafiq sertifikatlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə