Abşeron rayonunda tibb işçilərinin bir qrupu mükafatlandırlıb

Abşeron rayonunda Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində reallaşan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və tibb işçiləri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxışında bildirib ki, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sayəsində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib. O, xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, bu sahənin cəmiyyətin həyatında həlledici rol oynadığını dəfələrlə vurğulayıb.

Qeyd olunub ki, Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində digər sahələr kimi, səhiyyə də özünün yeni inkişaf mərhələsini yaşayır. Son illər çoxsaylı tibb müəssisələrinin tikilərək istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların ölkəmizə gətirilməsi və həyata keçirilən islahatlar respublikamızda bu sahəyə dövlət tərəfindən böyük qayğının göstərilməsindən xəbər verir.

Səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri diqqətə çatdırılıb. Vurğulanıb ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

Sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov çıxış edib. O, tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasının, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasının, hər kəs üçün əlçatanlığının təmin olunmasının həm də ölkə rəhbəri tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsi olduğunu bildirib.

Digər çıxışlarda insanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlərin vacib missiyasından danışılıb. Bildirilib ki, həkim peşəsi olduqca məsuliyyətli və çətin, eyni zamanda, şərəfli, bəzən qəhrəmanlıq tələb edən missiyadır. Belə ki, Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz şücaət göstərərək öz adlarını şanlı tariximizə yazdılar.

Qeyd edilib ki, işğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir.

Daha sonra 17 İyun -Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə şəhid Cavid Həsənov anası, 2 saylı Bakı Dəmiryol Poliklinikasının əməkdaşı Mirvari Həsənovaya, şəhid, tibb xidməti polkovnik-leytenantı Rasim Abdullayevin həyat yoldaşı Səadət İbrahimovaya, şəhid, tibb xidməti leytenantı Mirlətif Ağayevin anası Təyibə Ağayevaya, şəhid, leytenant, hərbi tibb qulluqçusu Turqut Xəlilbəylinin anası Almaz Hüseynovaya, şəhid Murad Arzullayevin anası, Abşeron Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Laura Arzullayeva və fəaliyyətində fərqlənən digər tibb işçilərinə Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə