Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

15 Iyun – Milli Qurtuluş Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında konsert proqramı təşkil olunub.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən təntənəli bayram konsertində şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.

Tədbir zamanı bildirilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının, parçalanmasının qarşısı alınıb və bugünkü inkişafımızın əsası qoyulub.

Qeyd edilib ki, Ulu Öndərin şəxsiyyətinin böyüklüyü, Vətən sevgisi, Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə gördüyü böyük işlər bu gün Prezident İlham Əliyevin fəaliyyətinin əsasında dayanır və uğurla davam etdirilir. Vurğulanıb ki, güclü Azərbaycan, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, bugünkü tərəqqi, milli inkişaf Ümummilli Liderin yaratdığı müasir Azərbaycan dövlətinin konsepsiyasının təzahürləridir.

Sonra respublikanın tanınmış incəsənət ustalarının, rayonun özfəaliyyət kollektivlərinin təqdim etdiyi bədii proqram tamaşaçılar tərəfindən böyük coşqu, alqışlarla qarşılanıb. Konsert atəşfəşanlıqla sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə