Azərbaycan Tibb Universitetində tədbir keçirilib

ATU-da QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycanda təhsil alan əcnəbi tələbələrin cəmiyyətə inteqrasiyası" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Universitetin xarici tələbələrlə iş üzrə dekanı Natiq Bayramov, miqrasiya qanunvericiliyində baş verən son yeniliklər barədə əcnəbi tələbələrin mütəmadi maarifləndirilməsinin əhəmiyyəti barədə məlumat verdi və tədbir iştirakçılarını qarşıdan gələn Milli Qurtuluş və Qurban bayramları münasibətilə təbrik etdi.

Layihə rəhbəri,Miqrasiya Əməkdaşlıq Platformasının Təhsil üzrə işçi qrupunun rəhbəri, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyinin sədri Vidadi Fətullayev ölkəmizdəki iqtisadi yükşəlişin,həmçinin təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olaraq əcnəbi tələbələrin Azərbaycan universitetlərinə marağının ildən-ilə artdığını qeyd etdi.Azərbaycanda yaşayan bütün xarici ölkə vətəndaşlarının hüquq və azadlıqlarının tam şəkildə qorunduğunu vurğulayan layihə rəhbəri,əcnəbilərin cəmiyyətimizə inteqrasiyası sahəsində Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi və digər dövlət və ictimai qurumların koordinasiyalı şəkildə həyata keçirdikləri tədbirlər barədə məlumat verdi.
Əcnəbi tələbələr arasında keçirilən maarifləndirmə tədbirlərinin vacibliyindən danışan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi tələbələrlə bağlı mövcud miqrasiya qaydaları və bu kateqoriyadan olan əcnəbilərin yol verdikləri hüquqpozmalar barədə danışıb.
Daha sonra, DMX Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin Miqrasiya proseslərinin təhlili idarəsinin rəis müavini Sunay Quliyev, əcnəbi tələbələrlə bağlı elektron resurslardan istifadə qaydalarını əhatə edən təqdimatla çıxış edib.
Əcnəbi tələbələri maraqlandıran suallar Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin baş inspektoru Nihad Kazımov tərəfindən ətraflı cavablandırılıb, miqrasiya qanunvericiliyinin əcnəbi tələbələrlə bağlı müddəalarına dair izahatlar verilib.
İştirakçılara maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin sonunda çıxış edənlər,görüşün keçirilməsinə dəstək olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Dövlət Miqrasiya Xidməti və ATU rəhbərliklərinə minnətdarlıqlarını bildirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə