"Bunları Azərbaycan xanımının üstünlüyü kimi qiymətləndirirəm" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan qadını ilə Avropa qadınını müqayisə etsək, bir çox məsələlər üzə çıxır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub deyib.

O bildirib ki, mənə görə Azərbaycan qadını daha zəhmətkeş, daha fədakar, daha ailəcanlı, ailəyə dəyər verən və sədaqətlidir: "Avropa qadını daha müasir, daha sərbəst, daha rahat, daha müstəqildir, amma bu müasirlik, təbii ki, ailənin möhkəmliyinə xidmət etmir. Biz Avropa dəyərləri deyəndə müstəqillik, sərbəstlik, tam azadlıq kimi dəyərləri təsəvvürümüzdə canlandırırıq. Amma qadının tam sərbəst olması, təbii ki, ailə dəyərlərinə uyğun gəlmir. Qadın həyat yoldaşıdırsa, müəyyən məsələlərdə özünə məhdudiyyət qoymalıdır. Əgər Avropa qadını bu məhdudiyyəti tanımırsa, bilmirsə, onda kəskin şəkildə Azərbaycan xanımından fərqlənir. Azərbaycan xanımı bu cəhətdən üstündür. Azərbaycan xanımı özünə məhdudiyyət qoyursa, bu, onun üstünlüyünə dəlalət edir ki, həyat yoldaşına dəyər verir. Müəyyən məqamlarda onun icazəsi olmadan hərəkət etmir. Bunu Azərbaycan xanımının üstünlüyü kimi dəyərləndirirəm.

Başqa bir məqam Azərbaycan xanımının evdar olması məsələsidir. Evdə ailəyə, övladlarına, həyat yoldaşına xidməti məsələsidir. Bu da Azərbaycan xanımının bir növ ənənəvi, tradesional xanım obrazında olmasını göstərir. Avropa qadını bu cəhətdən də fərqlidir. O bizim qadınlar kimi hər gün müxtəlif yeməklər bişirsin, müxtəlif cür xidmətlər göstərsin, həyat yoldaşına, övladlarına inanmıram ki, bu cəhətdən Azərbaycan xanımına çatsın".

"Azərbaycan qadını övladlarına hədsiz bağlıdır. Hətta ər evinə göndərdiyi qızını sona qədər izləyir, sona qədər onun xidmətində olur. Ərə gedəndən sonra da onu unutmur. Daim onun xidmətindədir, daim onun qayğısını çəkir. Avropa qadını bu cəhətdən də Azərbaycan xanımından fərqlidir. Orada uşaqlar müstəqildirlər və ananın övladına bağlılığı bu qədər deyil" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə