Kimlər gecə növbəsində işləyə bilməzlər? - HÜQUQŞÜNAS MÜNASİBƏT BİLDİRDİ

Kimlər gecə növbəsində işləyə bilməzlər? - HÜQUQŞÜNAS MÜNASİBƏT BİLDİRDİ

"Əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır: "Həmin Məcəllənin 254-cü maddəsinə görə isə, yaşı 18-dən az olan işçilər üçün axşam saat 20-dən səhər saat 7-dək olan müddət gecə vaxtı hesab edilir. Əmək Məcəlləsinin 98-ci maddəsinin tələbinə görə, gecə vaxtı yerinə yetirilən işlərə yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir. Məcəllənin 254-cü maddəsində də göstərilir ki, yaşı 18-dən az olan işçiləri gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.

Əlilliyi olan işçilər isə gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.

Həmçinin hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə