“Bu qadağanın fəsadı müsbət tərəflərindən daha çox ola bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bu qadağanın fəsadı müsbət tərəflərindən daha çox ola bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinin portalı mövcuddur. Şəxslərin qohum olub-olmadıqlarını həmin portal vasitəsilə aydınlaşdırmaq mümkündür. Bu ciddi problem yaradacaq məsələ deyil. Qanun hələ qüvvəyə minməyib. Bununla bağlı üç oxunuş Milli Məclisdə keçməlidir və prezident qanunu imzalamalıdır. Prezident 56 gün ərzində qanunu imzalayır. Nişanlılıq bizim qanunvericiliyimiz ilə hər hansı bir əhəmiyyət və akt kimi qəbul edilmir. Ona görə də bunun bir mənası yoxdur”. Bu sözləri SİA-ya danışan hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, qanun imzalandıqdan sonra qüvvəyə minənə qədər xeyli müddət keçəcək: “Bu vaxt ərzində şəxslər nikaha daxil ola bilərlər. Nəzərə almaq lazımdır ki, xala (bibi) və əmi (dayı) uşaqlarının nikahlarını yalnız qanun ilə qadağan etməklə bunun qarşısını almaq mümkün deyil. Çünki insanlar bəlli zaman kəsiyindən keçib. Bu Azərbaycanda İslam dinini qəbul etdikdən sonra adət halını alıb. Amma milli olaraq türk millətlərində xala (bibi) qızı almaq anlayışı olmayıb".

Hüquqşünasın sözlərinə görə, bu qəbildən olan evliliklər barədə danışarkən insanları bununla bağlı məlumatlandırmaq lazım idi ki, insanlar niyə görə bu nikahlardan qaçılmalıdır: "Uşaqların xəstə doğulması kimi fəsadlar burada anlaşılmalı idi. Əslində tibbi nöqteyi-nəzərdən aydındır. Düşüncə etibarilə insanların eyni məhəllədən, kənddən və çevrədən evlənmək özü də zərərlidir. Yəni bunları bilgiləndirmə ilə başa salmaq lazımdır. Qanunvericilik ilə sərtləşdirməklə bunu məhv etmək mümkün olmayacaq. Çünki insanlar nikaha daxil olmadan da birlikdə yaşaya biləcəklər. Nikahsız ailələrin və nikahdan kənar doğulanların sayı daha da artacaq. Onlar vətəndaş nikahı ilə yaşayacaqlar. Digər tərəfdən bir-birini övladlığa verməklə xala qızı, əmi oğlu kimi qohumluqlarını sənəd üzərində yox edəcəklər. Yəni bunun fəsadı müsbət tərəflərindən daha çox ola bilər. Bu işdə diqqətli olmağımızda fayda var".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə