Erkən nikah hansı psixoloji problemlər yarada bilər? - PSİXOLOQ İZAH ETDİ
"Erkən nikah individual bir problemdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
O bildirib ki, ölkəmizin elə bölgələri, elə adət-ənənələri var ki, onlar üçün erkən nikah psixoloji, yaxud da fiziki travma hesab olunmur: "Çünki o uşaqlar, ailələr doğulandan elə mühitdə böyüyüblər ki, 15-16 yaşında ailə quracaqlar. Biz ümumi desək ki, bu onlar üçün travmadır, doğru deyil, bunu yanlış hesab edirəm. Ümumi götürsək, bu, normal deyil. Bir şey də var ki, əgər hansısa bölgədə bir qızın oxumaq, inkişaf etmək kimi şansı yoxdursa, onun üçün ən böyük uğur ailə sahibi olmaqdırsa, onsuz da, 15, ya da 20 yaşında ailə qursa, həyatında heç bir dəyişiklik olmayacaqsa, biz buna "erkən nikah pisdir" deyib qələmə verə bilmərik.
Qanunvericiliyə uyğun yaşda insan artıq ailə qura bilər. Adam var ki, 30 yaşında ailə qurar, o da onun üçün bir travma ola bilər. Ailə qurduğu şəxsi sevməyə bilər, məcburiyyət qarşısında ailə qura bilər, hansısa fiziki problemi ola bilər. Ona görə burada qanunvericilikdən kənara çıxmayaraq yaşdan çox psixoloji vəziyyəti vurğulamaq istəyirəm ki, insan yeniliyə hazırdırmı, yoxsa yox? Digər hallarda əgər standart bir ailədən oğlan və qız tez ailə qurursa, yenə də ailəyə bağlıdır. Ola bilər ki, insan 18 yaşında artıq ailə ənənələrinə, evliliyə hazırdırsa, bu, başqa məsələdir. 30 yaşında olub psixoloji olaraq evliliyə hazır olmayan insan da ola bilər. Burada nüanslar çoxdur. Ancaq yaşı vurğulamaq mənə görə düzgün deyil. Qanun çərçivəsində yaşa çatdıqda insan ailə qura bilər. Yaş ancaq cütlüklərarası problem yarada bilər ki, bir-birini anlamırlar, ailənin məsuliyyətini dərk etmirlər, subaylıq həyatını sərbəst yaşaya bilməmək və sair bütün problemlər oğlan və qızın dünyagörüşünə, həyat keyfiyyətinə və ailələrinə bağlıdır".
"Psixoloji travma yadda qalan bir şey deyil. Hansısa stressli situasiyada beyin ona cavab tapmırsa, yaxud da necə davranacağını bilmirsə, insan çox güclü stress alırsa, gərginliyə məruz qalırsa, o hadisədən sonra davranışında, düşüncəsində, insanlarla olan münasibətində reaksiyası artıq ondan asılı olur. İnsanın psixoloji travmaları aradan qaldırmaq kimi bir məqsədi olmamalıdır. Sadəcə bu travmaları həyatımızda doğru şəkildə qalmasını düşünməliyik. Çünki psixoloji travma insandan nələrsə verir, ancaq almır. Sadəcə doğru şəkildə onu işləmək lazımdır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB