“Qarabağ universiteti universitetlər arasında rəqabəti gücləndirəcək” - SORĞU

“Təhsil hər bir ölkənin gələcəyini müəyyənləşdirən, onun inkişafını şərtləndirən vasitə olduğu üçün hər birimiz hər zaman təhsildə baş verənləri, təhsilin uğurları, çatışmazlıq və təhsildə görmək istədiklərimizi dilə gətiririk. Təbii ki, yeni tədris ilində təhsildə hansı dəyişikliklərin olacağı da insanlarımızı düşündürür. Təhsildə yeniliklərin olması çormərhələli bir prosesdir. Əvvəlki illərdə təhsilin inkişafı naminə həyata keçirilən işlər, islahatlar 2024-2025-ci tədris ilində də davam edəcək. Bütövlükdə məzmunla bağlı həyata keçirilən işlərin davamını görəcəyik. Təhsilin keyfiyyətinin artırılması və təhsildə aparılan struktur dəyişikliklərlə bağlı da gözləntilərimiz mövcuddur”. Bunu SİA-ya açıqlamasında fəlsəfə üzrə fəlsəfə doktoru, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

O bildirib ki, bu il Elm və Təhsil Nazirliyinin yeni əsasnaməsi qəbul olundu: “Strukturda ciddi şəkildə dəyişikliklər oldu və bu işlərin nəticələrini növbəti tədris ilində görəcəyik. Təhsilin keyfiyyətinin artırılması ilə bağlı məsələ bu gün hər birimizi düşündürən, narahat edən məsələdir. Müəllimlərin işə qəbulundan tutmuş məktəb rəhbərliyinin işə qəbulu, eyni zamanda müəllimlərin sertifikasiya prosesinin davam etdirilməsi də təhsilin keyfiyyətinə təsir göstərən amillər sırasında yer alır. Həmçinin ali təhsil müəssisələrində tədrisin gücləndirilməsi də gözləntilərimiz arasında yer alır.

Bu il fəaliyyətə başlayacaq Qarabağ Universiteti ilə bağlı gözləntilərimiz çoxdur. Çünki bu universitet bizim arzularımızın həyata keçməsidir və təhsilimizə mühüm töhfə verəcək”.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov fikirlərini bölüşüb:

“Ali təhsil müəssisələrinin qəbul imtahanlarının birinci mərhələsi başa çatdı. Həm buraxılış imtahanı, həm də qəbul imtahanlarının nəticələrinə baxaraq deyə bilərik ki, bu il Azərbaycanda tələbə olanların sayında kəskin artım müşahidə olunacaq. Belə ki, artıq qəbul plan yeri artaraq, 60 min olması proqnozlaşdırılır. Qeyd edim ki, 2022-ci ildə bu rəqəm 55800 idi. Əvvəlki illərlə müqayisə etsək, görərik ki, bu il ali məktəblərə qəbul olmaq istəyənlərin də sayında artım var.
Bu il Xankəndində Qarabağ universiteti fəaliyyətə başlayacaq və 1200 tələbənin təhsil alması proqnozlaşdırılır. Hesab edirəm ki, bu çox ciddi məsələdir. Çünki hazırda Azərbaycanın tarixi torpaqlarında ali təhsilin bərpa olunması burada gələcək kadrların hazırlanmasına müsbət təsirini göstərəcək. Qarabağ universitetinin fəaliyyətə başlaması ölkəmizdə universitetlər arasında rəqabəti gücləndirəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə