Sosial şəbəkələrinizi bu yolla qoruya bilərsiniz? - DİQQƏT! - EKSPERT İZAH ETDİ

“Sosial şəbəkə hesablarını qoruma və ya oğurlandığı təqdirdə onları qurtarma üsulları hər zaman olduğu kimi hazırda da gündəmdə olan məsələdir. Lisenziyalı, pirat proqram təminatı yüklü olmayan kompyuter və mobil avadanlıqlarda sosial şəbəkə hesabı açmaq məqsədəuyğundur”. Bu sözləri SİA-ya danışan kibertəhlükəsizlik üzrə ekspert Bəhruz Əliyev deyib.

Ekspert bildirib ki, hesabların geri qaytarılması üçün sosial şəbəkələrin “yardım" (help) bölməsindən istifadə edilərək, müəyyən addımlar atıla və sorğu göndərilə bilər. Müəyyən suallara cavab verərək bir müddət gözləmək olar.

Hesabı 48-72 saat ərzində geri qaytarmaq olar. Eyni zamanda, dostluqda olan şəxslərin sizin kimliyinizi təsdiqləməsi tələb oluna bilər. Əgər hesabın mavi təsdiq işarəsi varsa, geri qaytarılması daha rahat olar. Əks halda, hesabınızı təsdiq etmək üçün sosial şəbəkə platforması qarşısında cavablamalı suallarınız çox ola və ya hesab geri qaytarılmaya bilər. Hər sosial şəbəkə platforması hesabın qaytarılması üçün həll metodunu fərqli edə bilər”.

“Üçüncü tərəfə qoşulmaq üçün sosial şəbəkə hesablarından istifadə etməyin. Sosial şəbəkə platformasının təklif etdiyi bütün güvənlik tənzimləmələrini aktivləşdirin. Təmiz avadanlıqda bütün şifrələrinizi dəyişin və eyni şifrədən istifadə etməyin.

Hesabınıza daxil olanda və ya müxtəlif dəyişikliklər olduqda sizə bildiriş göndərmək üçün aktivlik bildirişlərini açın. Beləliklə, hesabınızda nə baş verdiyini tez bir zamanda müəyyənləşdirə bilərsiniz. Əsla heç bir şey olmaz deməyin, ən kiçik boşluq sizin hesab və məlumatlarınızın oğurlanmasına səbəb ola bilər”,- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə