İyunun 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz regional məşğulluq filialı tərəfindən Xaçmaz şəhərində təşkil olunan əmək yarmarkasında 19 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 232 boş iş yeri təqdim olunub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, işaxtaranlara təklif edilən əməkhaqqı 345-2500 manat aralığında olub. İqtisadi fəaliyyət növünə görə vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, istehsal və emal sənayesi, təhsil və tibb, bankçılıq və satış sahələrini əhatə edib. Yarmarkada turizm sahəsi üzrə 3, aqrar sahə üzrə 7, bankçılıq üzrə 2, təhsil üzrə 2, istehsal və emal üzrə 2, tibb üzrə 2 və satış üzrə 1 işəgötürən iştirak edib.
Təklif edilən iş yerlərinin 53-ü ali və orta ixtisas tələb edən vakansiyalardır. Yarmarkaya çıxarılan vakansiyaların 6-sı kredit mütəxəssisi, 41-i fəhlə, 19-u aşpaz, 37-si təmizlik işçisi, 21-i ofisiant, 8-i barmen, 3-ü tibb işçisi, 6-sı mexanik, 4-ü elektrik, 1-i insan resursları üzrə mütəxəssis, 5-i santexnik, 10-u traktorçu və avtokar sürücüsü, 2-si satıcı və s. peşələr üzrə olub.
Yarmarkanın təşkil edilməsində məqsəd işəgötürənlərlə işsiz və işaxtaranların birbaşa görüşünü təşkil etməklə, vətəndaşların məşğulluğunun və əmək bazarına çıxışının təmin olunmasıdır.
Tədbirin gedişatında işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə iştirakçılara ətraflı məlumat verilib.
Filial tərəfindən təqdim edilmiş vakansiyalara dair tələblər təhlil olunaraq işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 900-dən çox vətəndaşla iş aparılıb. Dəvət edilmiş şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər də yer alıb. Yarmarka zamanı 478 nəfər vətəndaşın müraciəti qeydə alınıb.
Əmək yarmarkasında vakansiyalara müraciət edən vətəndaşların rezümeləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib və uyğun namizədlərlə ilkin razılaşma əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB