"Kolbasalarla bağlı ölkədə ciddi problemlər yaşanır" - QURUM RƏSMİSİ AÇIQLADI

“Bəzi hallarda Azad İstehlakçılar Birliyinə ən brend məhsullar barəsində belə şikayətlər daxil olur. Əsasən isə sorğular yağlarla bağlı olur. Əhali yağların tərkibləri barədə maraqlanır, hansını almalı olduqlarını öyrənmək istəyirlər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, əmtəə bazarında xüsusilə kərə yağı sektorunda böyük problemlər yaşanır: “Təsadüfi deyil ki, iki ay öncə AQTA-ya rəsmi məktub yazaraq, spred yağların markalanmasında vəziyyəti düzəltməyi xahiş etmişəm. Lakin mənə yuvarlaq cavab gəlib. Çünki spred yağların tərkibində olan bitki yağlarının hansı mənşəli olduğu əksəriyyətinin üzərində qeyd olunmur. Təəssüflər olsun ki, bu məsələ həll olunmamış olaraq qalır. Eləcə də istehlakçılar kərə yağı barəsində məlumat almaq istəyirlər. Ümumilikdə istehlakçıların informasiya almaq istəklərini qruplaşdırsaq, birinci yerdə yağlar, ikinci yerdə ət və ət məhsulları, üçüncü yerdə isə süd və süd məhsulları dayanır. Qeyd edim ki, kolbasalarla bağlı ölkədə ciddi problemlər yaşanır. Düşünürəm ki, AQTA yalnız qidanın təhlükəsizliyinə deyil, həm də keyfiyyətinə nəzarət etməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə