“Mənşəyi bilinməyən hər cür qida insan sağlamlığı üçün olduqca təhlükəlidir” - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Çips, kreker kimi atışdırmalıqlar da heç bir qida dəyəri olmayan, normadan artıq dadlandırıcı, rəngləndirici, trans yağla zəngindir. Sağlam olmayan, düzgün və gigiyenik şəraitdə hazırlanmayan, mənşəyi bilinməyən hər cür qida insan sağlamlığı üçün olduqca təhlükəlidir”. Bu sözləri SİA-ya danışan qida eksperti Fərid Səfərov deyib.

Onun sözlərinə görə, çips, kreker kimi atışdırmalıqlar da heç bir qida dəyəri olmayan, normadan artıq dadlandırıcı, rəngləndirici, trans yağla zəngindir: “Davamlı şəkildə, limitsiz qəbulu ürək-damar xəstəlikləri, şəkər, xərçəng, piylənmə, demans, həzm və immunitet sisteminin pozulması kimi bir çox sağlamlıq problemlərinə səbəb olur.

Bütün bunlardan əlavə, təəssüf ki, bu cür qidaları uşaqlar çox sevirlər, biz onları bu cür qidalara öyrətmişik, onda vəziyyət çox ciddi olur. Üstəlik, bayaq dediyim kimi əgər düzgün şəraitdə normalara əməl olunmadan hazırlanıbsa, saxlanma şəraitinə uyğun olmayan yerlərdə, son istifadə müddətinə baxılmadan satılır, alınır və istifadə olunursa onda zəhərlənmə və hətta ölüm kimi halların baş verməsində biz özümüz də günahkar hesab olunmalıyıq”.

Ekspert bildirib ki, bu cür qidaları almaq və uşaqlara yedirtmək qəti şəkildə düzgün və sağlam deyil: “Birinci özümüzdən başlamalıyıq, öyrənməliyik, alış-veriş edərkən etiketi, istifadə müddəti, saxlanma şəraiti kimi çox sadə nüanslara diqqət etsək bu kimi halların da olma ehtimalı azalar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə