"Hər gün dinlədiyimiz musiqi xroniki hal aldıqda psixologiyamıza təsir edir" - PSİXOLOQ İZAH ETDİ

"Hər gün dinlədiyimiz musiqi xroniki hal aldıqda psixologiyamıza təsir edir" - PSİXOLOQ İZAH ETDİ

"Musiqinin insan psixologiyasına təsiri çox böyükdür". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Psixoloq bildirib ki, hətta musiqi ilə müəyyən psixoloji xəstəliklərdə terapiya da olunur: "Biz bilirik ki, 5 duyğu orqanı var ki, ruhun qidası kimi də bunu qeyd etmək olar. Gözəl qoxu hiss etmək insanın psixologiyasına gözəl təsir edir, pis qoxu insanın əhvalına pis təsir edir. Dadlı qidalarla qidalandığımız zaman özümüzü çox yaxşı hiss edə bilirik. Gözəl mənzərə görəndə içimiz fərəhlənir. Toxunma, eləcə də, eşitmə ruhun qidasıdır. Bu 5 duyğu orqanından birində əskiklik olduğu zaman psixologiyada da problemlər yaranır. İnsan mənəvi aclıqdan əziyyət çəkir. Gözəl musiqi, gözəl səs, gözəl sözlər insan psixologiyasına çox gözəl, müsbət təsir edir. Gözəl söz insanı motivasiya edir, insana yaşama gücü verir. Pis söz ilə insan həyatının qaralacağını düşünür, pis söz insanı aqressivləşdirir, mənfiyə doğru proqramlaşdırır.

Musiqinin sözlərində də sözün enerji baxımından mənəvi ağırlığı çox böyükdür. Ona görə də işlətdiyimiz sözlərə fikir verməliyik. Söz enerji kimi fırlanır. İşlətdiyimiz sözlər həyatımıza mənfi və müsbət təsir edə bilir. Musiqidən və insanlardan eşitdiyimiz sözlər bizə mənfi, müsbət təsir edə bilir. Hərəkətlərimizi tənzimləyirik, sözlərlə xarakterimizi formalaşdırırıq. Hər gün dinlədiyimiz musiqi xroniki hal aldıqda psixologiyamıza, həyat tərzimizə, həyata baxışımıza təsir edir. Amma bu, o demək deyil ki, bu gün hər hansı bayağı musiqi dinlədiksə, sabah həyatımızda problemlər yaranacaq. Bu, musiqini xroniki dinlədiyimiz, qəbul etdiyimiz zaman baş verir. Məsələn, depressiv insanlar depressiv musiqilər dinləyirlər. Şən insanlar şən musiqilər dinləyirlər. Musiqi əhval-ruhiyyəyə uyğun dinlənilir. Hamı həmişə eyni vaxtda musiqi dinləmir. Məsələn, hər yerin öz musiqi seçimi var. Toy, şənlik olduğu zaman, insanın özü ilə yalnız qaldığı zamanın öz musiqisi var. İnsan özünü tanıdıqca özünü proqramlaşdırır. Buna uyğun da həyatını davam etdirə bilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə