Naməlum zənglərə qarşı necə mübarizə aparaq? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

Naməlum zənglərə qarşı necə mübarizə aparaq? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

“Naməlum nömrələrdən gələn mesajların ilk növbədə məzmunlarına diqqət etməliyik. Belə mesajlara aldanmamalıyıq. Əks halda qarşı tərəf bizə ziyan verə bilər”. Bu sözləri SİA-ya açıqlamasında İT üzrə mütəxəssis Bəhruz Əliyev deyib.

Onun sözlərinə görə, məsələnin digər vacib tərəfi isə gələn linklərə qarşı diqqətli olmaqdır: “Biz linklərə və bu linklərin domen adları formasına nəzər yetirməliyik. Əgər gələn linklər qarışıq hərf, rəqəm və ya simvollardan ibarətdirsə, bu, təhlükəli link olduğunun göstəricisidir. Digər məqam isə link (domen) adlarının sonluqlarına baxmaq lazımdır. Normal bilinən sonluqlar olması bizə aydınlaşdırmaq üçün müəyyən fikir ifadə edə bilər (Misal: az, com, org, net, info). Əgər gələn linklər bilinən sonluqla bitmirsə, bizi şübhələndirməlidir. Digər halda isə səliqəli formada hazırlanmış normal görünən linklərdə məşhur marketlərə və qurumlara aid uduşlar, reklam və ya təkliflər ola bilər. Bu anda isə həmin reklamı göndərən rəsmi ünvandan maraqlanmaq lazımdır ki, belə bir kampaniya mövcuddur ya yox? Bu həm də həmin müəssisənin də vəziyyətdən xəbərdar olub tədbir almasına kömək olar. Başqa bir üsul isə həmin müəssisənin rəsmi saytına daxil olub, brovzerdəki linkini, sizə gələn mesajın linki ilə müqayisə etmək olar. Azca internet savadı olan şəxs mütləq anormal fərqi görəcəkdir. Əgər market və ya müəssisə hər hansı bir kampaniya edirsə, bu məlumatı rəsmi saytdan və rəsmi sosial şəbəkə ünvanlarından rahat dəqiqləşdirmək olar. Sizə gələn zərərli mesajı və ya linki açmadan bloklamaq, şikayət etmək və digər məhdudlaşdırıcı alətlər vasitəsi ilə lazımi tədbirlər görmək olar. Ümumiyyətlə, belə aldadıcı tədbirlərin qarşısını almaq üçün diqqətli və səbirli yanaşmaq lazımdır”.

Mütəxəssis bildirib ki, bundan əlavə bir çox metodlar da sınamaq olar: “Həmin tipli mesajları bloklayaraq şikayət edib, tanımadığımız xarici zəngləri isə açmamalıyıq. Əks halda yenə ziyan görən tərəf biz ola bilərik.

Xarici nömrələrin ölkə daxilində istifadə edilməsi ilə bağlı xüsusi qadağa yoxdur. Biz xarici ölkəyə gedəndə ruminqdən istifadə edərək öz nömrəmizdə qala biliriksə, bizim ölkəmizdə də xarici vətəndaşlar öz nömrələrindən istifadə edə bilərlər. Müxtəlif ölkələrdən qısa müddətli gələn şəxslər yeni nömrə almağa maraqlı olmur, ona görə nömrə dəyişmirlər. Bu kimi hallar üçün xüsusi qadağa yoxdur və bu, qarşılıqlı olaraq beynəlxalq hüquqi müqavilələr əsasında tənzimlənir. Hər bir halda biz xarici nömrələrdən gələn zənglərin təxribat olduğu ehtimalını yaddan çıxartmamalıyıq. Buna uyğun olaraq hər hansı xarici saytdan qeydiyyatdan keçərkən öz nömrəmizi yazmasaq daha uyğun olar. Öz nömrəmizi qeydiyyata salmaqla özümüzə aid olan məlumatları kiməsə vermiş və uyğun olmayan zənglərin gəlməsinə şərait formalaşdırmış ola bilərik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə