"Hər şeydən yemək istəyir, hər şeyin dadına baxmaq istəyirik" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər şeydən yemək istəyir, hər şeyin dadına baxmaq istəyirik" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ürək-damar sistemində problem olan xəstələr birinci növbədə həkim nəzarəti altında qidalanmalıdır". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə Baş mütəxəssis Ağa Salamov deyib.

O bildirib ki, bu, birmənalı olaraq belədir, şərtdir: "Qidalanmağa gəlincə insanların bir az yağlı qidalardan uzaq durması daha məqsədəuyğundur. Normativləri aşırıq, çox yeyirik, balans yoxdur. Toydan sonra insanlarda ürək çatışmamazlığı baş verir və infarkt halları yaşanır. Çünki bizim qidalanma mədəniyyətimiz o səviyyədə deyil, aşağı səviyyədədir. Hər şeydən yemək istəyir, hər şeyin dadına baxmaq istəyirik. Mədənin bir hissəsi yemək, bir hissəsi su, bir hissəsi hava olmalıdır. Biz isə mədədə nə hava üçün, nə su üçün yer buraxırıq. Ona görə də ürək-damar sistemi problemləri ortaya çıxır. Təbii ki, burada zərərli qidalar da var. Buraya trans yağlar, abur-cuburlar, boş karbohidratlar, rəngli, qazlı içkilər, un məmulatları, tortlar, şirniyyatlar və sair daxildir.

İnsan hər şeydən yeyə bilər, amma balanslı şəkildə olsa, daha yaxşı olar. İnsan zülal yedisə, karbohidrat da yeməlidir. Burada zülal faydalı olduğu kimi karbohidrat da faydalı olmalıdır. Əgər balıq yeyilirsə, yanında tərəvəz yeyilə bilər, yaxud ət yeyilibsə, mütləq yanında göyərti olmalıdır ki, göyərtidə liflər çoxdur. Ət gec həzm olunduğu üçün ürəyə güc düşür. Ətin çox yeyilməsi də urik turşusunun çoxalmasına gətirib çıxarır. Bunu həkimlər daha yaxşı bilir. Ətin yanında göyərtinin məsləhət görülməsinin səbəbi rahat həzm olunmağa kömək etməsidir".

"İnsan balansla qidalanmalıdır. Mövsümündə olan meyvə və tərəvəzləri yeməlidir. İşlətdiyi duzun da ürək-damar sisteminə, təzyiqə, böyrəklərə problemləri ola bilər. Burada rafinə olunmuş duzlardan söhbət gedir. Bu duzlar da çox təssüflər olsun ki, ürək-damar sisteminə də öz yan təsirini göstərir. İnsanlar qaya duzlarından istifadə etməlidirlər. Hansı ki, 86 mineral tərkibində ehtiva edən qaya duzları var. Naxçıvan duzu, Himalay duzu ola bilər. Bu duzları da ürək-damar sistemində problemi olan insanlar həkim məsləhəti altında qida rasionlarına salmalıdırlar. Həkim neçə qram deyirsə, o həddi aşmaq olmaz. Sağlam insanlar isə gün ərzində qış və yay fəsillərini nəzərə alaraq 3 qramdan 5 qrama qədər gündəlik rasionlarında duz istehlak edə bilərlər.

Zərərli qidalara çörək də daxildir. Çörək lifli olmalı, buğda unundan hazırlanmalıdır. Bizim dediklərimiz dördüncü sənaye əsrinə aid deyil. İndi marketlər zərərli qidalarla zəngindir. Bu qidaların zərərli olması bir yana, rasionumuza da diqqət etmirik. Nə gəldi yeyirik, sonra da deyirik ki, ürək-damar sistemində problem var. Burada iqlim dəyişikliyi və ekologiya, hava kirliliyi də öz sözünü deyir. Hava da təmiz olmalıdır. Bilgəh sanatoriyasının məkanı ürək sisteminə əlverişli hava olduğu üçün orada salınıb. Amma şəhərdə havaya avtomobillərin saçdığı zəhərli hava, sərhədlərdən keçib gələn toz kütlələri, tikintilərin çoxalması və sair havanı çirkləndirir. Belə şəraitdə ürək-damar sistemində problem olması qaçılmazdır.

Digər ölkələrə nəzər salsaq, onlarda velosiped mədəniyyəti var. Velosipedi mədəniləşdirmək, inkişaf etdirmək lazımdır. İnsanları avtomobillərdən uzaqlaşdırmaq lazımdır. Nə qədər avtomobil sayı az olsa, o qədər havamız təmiz olar. İnsanlar az qala çörək almağa da maşınla gedirlər. Bu, xəstəlikdir. Burada çoxlu faktorlar var" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə