"Belə insanlar bu düşüncələrlə özlərini sanki çərçivəyə salırlar" - PSİXOLOQ İZAH ETDİ

"Belə insanlar bu düşüncələrlə özlərini sanki çərçivəyə salırlar" - PSİXOLOQ İZAH ETDİ

"Hər insanın daxilində müəyyən qorxular sistemi var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, belə insanlar cəmiyyətin içində olmaqdan qorxar, sıxılar, öz-özü ilə evdə olarkən daha komfort, azad olduğu təqdirdə cəmiyyət içində utanır, çəkinirlər: "Bütün bu hal və əhval pozuntuları fərdi xarakter daşıyır. İnsanların cəmiyyət içində narahatçılığına səbəb onların öz psixofiziologiyası ola bilər. Bu, genetik də olur, sonradan da yarana bilir, insan quruluşundan da asılı ola bilir. İnsan getdikcə bu problemləri dəf etməyi bacarır.

Sosial təşviş deyəndə sosial mühit əhatəsində digər insanların ona baxması, baxışların ona zillənməsi, sanki diqqət mərkəzində olması, "utanıram, mənə baxırlar, hərəkətlərimi görürlər, birdən belə danışaram, birdən yanlış, səhv olar" düşünüb narahatlıq yaşamasıdır. Belə insanlar bu düşüncələrlə özlərini sanki çərçivəyə salırlar. Çərçivəyə salaraq sıxılırlar, təşviş içində boğulurlar. Hansı ki, hər kəs öz həyatının, öz məqsəd və amalının arxasınca getdiyi təqdirdə məhz bu təşviş pozuntusundan əziyyət çəkən insanlar cəmiyyət içində özlərini çox tənha hiss edirlər.

Ümumiyyətlə, "halım pis olar, kimsə mənə yardım etməz, bunlar yad insanlardır, ona görə mən doğmalarımın əhatəsində olmalıyam" düşüncəsi ilə narahat yaşayırlar. Bu cür insanlar mütəxəssisə müraciət etməli, bu fobiyanın qarşısını almaq üçün müxtəlif texnikalardan yararlanmalıdırlar. Yalnız diaqnoz düzgün qoyulmalı, insan öz psixofiziologiyasını düzgün bilməlidir. Əks təqdirdə insan özündə nələr baş verdiyini anlaya bilmir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə