"Bu davranışlardan sonra şəxs peşmanlıq hissi yaşayır" - PSİXOLOQ İZAH ETDİ
"Mizofoniya, bəzi səslərin fərddə qəzəb, iyrənmə və qorxu kimi duyğuları yaratması halıdır". Bu sözləri SİA-ya açıqlamasında EDA Terapiya Psixologiya Mərkəzinin psixoloqu Ayşən Bayramova deyib.

O bildirib ki, səslər səbəbi ilə yaranan bu cür duyğuların şiddəti, insandan-insana və ya təsir edən səsin növünə görə fərqlilik göstərə bilir: "Narahat edən səslərə yemək yemə və şappırtı, saqqız çeynəmə, udqunma, xorlama, burun çəkmə, saat səsi kimi səsləri nümunə göstərmək olar. Tətikləyici səs, yalnız bir səs ola bildiyi kimi bir neçə növ səs də tətikləyici ola bilir. Bu cür tətikləyici səslər, mizofoniyaya sahib olan şəxslərə digər şəxslərlə müqayisədə daha ciddi şəkildə təsir etməkdədir. Belə ki, səslərin yaratdığı neqativ duyğular, həmin səs mənbəyinə zərər vermə düşüncələrini də özü ilə gətirməkdədir. Bu vəziyyət, çox zaman basdırılmış qəzəbin xaricə yansıması ilə nəticələndiyi üçün şəxsiyyətlərarası münasibətləri də poza bilir. Bu kimi davranışlardan sonra isə şəxs, əsasən, peşmanlıq hissi yaşamaqdadır".
"Gündəlik həyatda rastlaşa biləcəyimiz bu cür səslər mizofoniyadan əziyyət çəkən şəxsdə qaçınma davranışını da ortaya çıxarır. Belə ki, bu şəxslər mühitdəki bu tərz səslərdən o qədər narahat olurlar ki, bir müddət sonra sosial həyatdan uzaqlaşa bilirlər. Bəzi şəxslər isə davamlı olaraq qulaqcıqdan istifadə edərək yarana biləcək tətikləyici səslərdən özlərini qorumağa çalışırlar.
Hər yaşda ortaya çıxa bilən bu problemin qadın və kişilərdə rast gəlmə sıxlığı eynidir. Mizofoniya probleminə tam olaraq nəyin səbəb olduğu bilinməsə də, beyin quruluşundakı fərqlilik, ailə keçmişi və ya genetik faktorlar bu problemi yaradan səbəblər arasında göstərilməkdədir.
Mizofoniyanın müalicəsində isə Koqnitiv Davranış Terapiyasından istifadə olunmaqdadır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB