“Emosiyalarını düzgün idarə edə bilməyən insanlarda...” - PSİXOLOQ FİKRİ

“Emosiyalarını düzgün idarə edə bilməyən insanlarda...” - PSİXOLOQ FİKRİ

“Aqressiyanın bir çox səbəbləri ola bilər. Genetik risk qrupu dediyimiz insanlarda baş verən prosesləri, hormonal balansın pozulmasın və s. bu səbəblərdən biri kimi qəbul etmək olar. Yəni, hormonlarda bir çox dəyişikliklər olarsa və ya genetik risk qrupu dediyimiz insanlarda, məsələn: ana-atada aqressiya varsa bu uşaqda da özünü göstərə bilər. Bundan əlavə sosial mühit də aqressiyaya təsir göstərən faktorlardan biridir. Məsələn:emosiyalarını düzgün idarə edə bilməyən insanlarda hər hansı bir məyusluq halında və ya işləri düzgün getmədikdə onlarda aqressiv hallar yarana bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, uşaqlarda da aqressiyanın kökləri ailəyə və yetişdiyi mühitə qədər gedib çıxa bilir: “Ailədə istər fiziki, istərsə də psixoloji şiddət görən uşaqlar, məktəbdə, getdiyi bağçada bullinqə məruz qalan uşaqlar digər uşaqlara nəzərən daha aqressiv ola bilirlər. Bundan əlavə öz fikirlərini düzgün ifadə edə bilməyən uşaqlarda, müxtəlif nitq problemi olan uşaqlarda da aqressiv hallara rast gəlmək olar.

Bu kimi problemləri zamanında korreksiya etmək vacib məsələrdəndir. Valideynlər kiçik bir siqnal gördükdə övladı ilə danışmalı və ortaq məxrəcə gəlməyi, güzəştə getməyi bacarmalıdır. Əks halda bu proseslər davam edərsə və validen-övlad münasibəti daha da pisləşərsə qeyd etdiyim kimi mütləq zamanında psixoloq dəstəyi alınmalıdır. Praktikamızda bir çox hallarda yeniyetmələrin aqressivlik nümayiş etdirdiyini və psixoloqa gəlmək istəməmələrini müşahidə edirik. Belə olan halda ən optimal çıxış yolu müəyyən müddət ailə terapiyasıdır. Bir neçə dəfə valideynlər özləri seanslara gəlməli və bunun çox normal bir şey olduğunu övladına izah etməlidir. Psixoloq seans zamanı “sosial öyrənmə” dediyimiz metodla, həmçinin emosiyaları necə düzgün şəkildə kontrol etmək lazımdır və s. kimi üsullarla bu problemi korreksiya etmək mümükündür. Psixoloji dəstək, psixoloqun və ailənin yardımları ilə yeniyetmə bir müddət sonra bu kimi hallardan azad ola, qurtula bilərər.”

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə