İri təsərrüfat sahibləri əcnəbi mütəxəssislərə maraq göstərirlər - MÜNASİBƏT BİLDİRİLDİ

İri təsərrüfat sahibləri əcnəbi mütəxəssislərə maraq göstərirlər - MÜNASİBƏT BİLDİRİLDİ

Son zamanlar aqrar sahədə təhsil alan tələbələrin işlə təminolma məsələsi var ki, onlar təhsillərini başa vurduqdan sonra aqronom olaraq müxtəlif şirkətlərə müraciət edirlər. Lakin təcrübələri olmadığı üçün işlə təmin olunmurlar. Bu problemin aradan qaldırılması istiqamətində hansı addımlar atıla bilər? Nəyə görə şirkətlər xaricdən ekspert dəvət edir? Olmazmı ki, biz daxildə də aqrar sektorda yaxşı kadrlar yetişdirək? SİA mövzu ilə bağlı Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Emin Əliyevin fikirlərini öyrənib.


Onun sözlərinə görə, təəssüf ki, nə qədər cəhdlər olsa da, Aqrar Universitetin kənd təsərrüfatı ilə bağlı fakültələrinə ciddi maraq yaranmır: “Həmçinin aşağı maraqla yanaşı, çox aşağı balla bu fakültələrə qəbul baş tutur. Ona görə də orada təhsil alanların intellektual səviyyəsi o dərəcədə olmur ki, onlar iqtisadiyyatın əsas hissəsi olan kənd təsərrüfatının idarə edilməsində hansısa rol oynaya bilsin. Bunun üçün də adıçəkilən istiqamətə xüsusi yanaşma tələb olunur və bu xüsusi yanaşmalar təmin edilməsə çətin olacaq.

Bundan başqa universiteti bitirənlərin əksəriyyəti təxminən 90 faizindən yuxarı bir qismi ixtisasları üzrə işləməyə yönəlmirlər. Bunun da öz səbəbləri var. Birincisi, müəssisələr onlardan təcrübə tələb edir. İkincisi isə, ölkədə iri təsərrüfat sahibləri əcnəbi mütəxəssislərə maraq göstərirlər. Kiçik təsərrüfat sahibləri isə köhnə qaydalarla öz təsərrüfatlarını idarə edirlər. Yəni, gənc mütəxəssislərə ciddi maraq və etibar yoxdur. Bunun üçün də elə bizim Ekoloji Təmiz məhsul istehsalçıları və ixracatçıları ictimai birliyi olaraq təklif etmişdik ki, Azərbaycan Dövlət Aqrar Universiteti, bizim assosiasiya və hər hansı sahibkarlıq subyekti ilə birgə bir proyekt həyata keçirək. Belə ki, Aqrar universiteti bitirən tələbəni bir subyektdə yerləşdiririk, onlar baş aqronomun yanında təcrübə keçirlər. Həmin tələbənin təcrübə keçdiyi zaman ərzində isə onun əməkhaqqısının yarısını həmin şirkət yarısını isə donor ödəyir. Bir müddət sonra isə həmin mütəxəssis yetişir və müəyyən bir səviyyəyə gəlib çatır. Düzdür, biz bu proyekti 2017-ci ildə təklif etsək də, təəssüf ki, indiyə qədər icra etmək mümkün olmayıb. Hər bir halda Azərbaycanda aqrar sahə ilə bağlı mütəxəssislərin yetişdirilməsi ilə bağlı ciddi çətinliklər və boşluqlar var”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə