Milli-mənəvi dəyərlərimiz bir çox konvensiyalardan önəmlidir – KOMİTƏ SƏDRİ AÇIQLAMA VERDİ

Milli-mənəvi dəyərlərimiz bir çox konvensiyalardan önəmlidir – KOMİTƏ SƏDRİ AÇIQLAMA VERDİ

Milli Məclisdə deputat Tahir Rzayevin ailəli və övlad sahibi olan qadınların işə bir saat gec gəlməsi, işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Deputatın təklifi müxtəlif müzakirələrə səbəb olub və millət vəkilinin fikirlərini, təklifini dəstəkləyənlər də, düzgün hesab etməyənlər də olub. Bununla bağlı, yəni irəli sürdüyü təkliflə əlaqədar olaraq millət vəkili Tahir Rzayev açıqlama verib və həmin təklifin ayrı-seçkiliyə yol verilməsi kimi deyil, qadına, anaya qayğı, hörmət, ehtiram olaraq irəli sürüldüyünü bildirib.

“Ailəli olan, övladı olan qadınların işə bir saat gec gəlməsi və işdən bir saat tez getməsi üçün şərait yaradılması barədə Milli Məclisdə səsləndirdiyim təklif insanlar tərəfindən birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram və söylənilənlərin hər birinə də cavab vermək fikrində deyiləm, ancaq bəzi hüquqşünasların, siyasətlə məşğul olanların, gender bərabərliyi tərəfdarlarının bu təklifi məntiqsiz, absurd adlandırmaları, Beynəlxalq Konvesiyaların tələblərinin, gender bərabərliyinin pozulması, ayrı-seçkilik, qadınların rolunun azaldılması kimi qiymətləndirmələri məndə ciddi təəssüf doğurur və həm də çox təəssüf edirəm ki, bu fikirləri söyləyənlərin əksəriyyəti kişilərdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə qeyd edib ki, qadınlara qayğını, eləcə də güzəştlərin, imtiyazların və əlavə təzminatların verilməsini gender bərabərliyinin pozulması, ayrı-seçkiliyə yol verilməsi kimi başa düşənlərə Əmək Məcəlləsinin 16-cı maddəsinin 2-ci bəndinə nəzər salmağı məsləhət görür.

“Qeyd olunan maddədə aydın göstərilir ki, “Qadınlara, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir”. Əmək məcəlləsinin digər 91 və 243-cü maddələrində də qadınlara belə imtiyazlar - iş saatının azaldılması, onların yüngül işə keçirilməsi, övladlarının yedizdirilməsi və istirahəti üçün şərait yaradılması öz əksini tapıbdır. Məgər bunlar gender bərabərliyinin pozulması, yaxud da ayrı-seçkilikdirmi? Xeyr, ayrı-seçkilik deyil, qadına, anaya qayğıdır, hörmətdir, ehtiramdır. Ulu Öndərimiz Heydər Əliyev qadına, anaya qayğını daim yüksək qiymətləndirirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev ailəni müqəddəs hesab edir, ailə dəyərlərini, milli-mənəvi dəyərləri qorumağı və möhkəmləndirməyi tövsiyə edir və eləcə də Birinci xanım Mehriban Əliyeva qadın hərəkatının önündə gedir, qadınlarımızın hüquqlarının qorunması üçün əlindən gələni əsirgəmir.

Bu, bir həqiqətdir ki, kişilərimiz ən ağır işlərdə, döyüşlərdə, düşmənə müqavimətdə öz sinələrini irəli vermişlər, qadınlarımızı ağır işlərdən, çətinliklərdən qorumuşlar, onların ana kimi, zərif varlıq kimi hər zaman qayğısına qalmışlar. Hazırda dünyanın bir çox ölkələrində qadınların əməyinin yüngülləşdirilməsi barədə məsələlər qaldırılır, təkliflər irəli sürülür. Rusiya dövlət dumasının vitse-spikeri Boris Çernişovun bu günlərdə bir iş gününü iki saat azaltmaq təklifi buna misal ola bilər. Verdiyim təklif iqtisadi, eləcə də maliyyə baxımından dəyərləndirilsəydi, əsaslandırılsaydı bəlkə də bu qədər təəssüf doğurmazdı. Ancaq anaya, qadına qayğının ayrı-seçkilik, bəzi konvensiyaların, qadın hüquqlarının pozulması kimi qiymətləndirilməsi, eləcə də, kişilər nəyə görə qadınlardan çox işləməlidir, fikirlərinin söylənilməsi, təklifimin məntiqsiz, absurd adlandırılması belə bir qənaətə gəlməyimə əsas verir ki, bu insanlar bir azdan deyəcəklər ki, hüquqlarımız bərabər olduğu üçün qadın və qızlarımız hərbi xidmətə çağrılmalıdır, sərhədlərimizi qorumalı, keşik çəkməli, düşmənlə vuruşmalı və bizi mühafizə etməlidirlər.

Anaya, qadına qayğını bərabərliyin pozulması kimi başa düşən və tez-tez Beynəlxalq Konvensiyalara, qətnamələrə, qərarlara istinad edən bir çoxları bilməlidirlər ki, xalqımızın tarixən qorunub saxlanılan milli-mənəvi, əxlaqı dəyərləri bizim üçün ən nümunəvi konvensiya, qətnamə və qərardır. Çünki bu konvensiyalar, qətnamələr 30 ildən çox köçkün və qaçqın həyatı yaşayan, əsir götürülən, şikəst edilən qadınlarımızın, analarımızın hüquqlarını qoruya bilmədi, qorumaq istəmədi, onlara kömək də etmədi. Ona görə də hərhansı təklifə irad tutan hər bir kəs ilk növbədə qanunlara düzgün istinad etməli, milli-mənəvi dəyərlərə arxalanmalı, reallıqları qiymətləndirməyi bacarmalı və həm də digərlərinin təkliflərinə süni don geyindirməməlidir”, - deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə