Dövlət Komitəsinin rəsmisi gənclərimizi yad və mənfi təsirlərdən uzaq olmağa çağırıb

Dövlət Komitəsinin rəsmisi gənclərimizi yad və mənfi təsirlərdən uzaq olmağa çağırıb

Uşaqlara diqqət və qayğı, onların hüquqlarının qorunması dövlətimizin prioritet məsələlərindəndir. 2020-ci ildə, Vətən müharibəsinin getdiyi həssas bir dönəmdə Azərbaycan Prezidenti tərəfindən imzalanan “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın qəbul edilməsi dediklərimizi bir daha təsdiqləyir. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Böyük Qayıdış: uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfransda səsləndirib.

Azərbaycan uşaqlarının Ümumrespublika Forumunun əhəmiyyətini qeyd edən A.Sofiyeva Uşaq Səfirlər Məclisinin yaradılmasını çox mühüm və uğurlu layihə kimi dəyərləndirib. Bildirib ki, tərkibində istedadlı, bacarıqlı uşaqları birləşdirən bu qurum ötən 4 il ərzində xeyli iş görüb. O, Uşaq Səfirlər Məclisinin bütün rayonları əhatə etdiyini də diqqətə çatdırıb.

Cəmiyyətdə uşaq iştirakçılığından danışan komitə rəsmisi ölkənin ictimai-siyasi həyatında gənclərin rolunu qeyd edib və onların da üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.

Aynur Sofiyeva bildirib ki, bəzi qüvvələr kosmopolit gəncliyin yetişməsində maraqlıdır və bunun üçün səy göstərirlər. Dövlət komitəsinin rəsmisi gənclərimizi belə təsirlərdən uzaq olmağa çağırıb və onlara Azərbaycanın milli, mənəvi dəyərlərinə hər zaman hörmətlə yanaşmağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə