"Dövlətimiz də bu məsələ ilə bağlı öz mübarizəsini aparır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Dövlətimiz də bu məsələ ilə bağlı öz mübarizəsini aparır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Dünyada hər bir uşağın xoşbəxt olmağa, uğurlu bir gələcəyə sahib olmağa haqqı var. Eyni zamanda Azərbaycan uşaqları da bu gün xoşbəxt uşaqlardır ki, onların taleyinə məhz Azərbaycanlı olmaq düşüb. Azərbaycanın böyüməkdə olan nəsli böyük bir dövlət qayğısı ilə himayə olunub. Uşaqların böyüməsi, təhsil alması, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi üçün dövlətimiz bütün əsas prinsipləri yaradıb. Uşaqlarımızın sağlam mühitdə böyüməsi üçün qanunvericilik işlək vəziyyətə gətirilib”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, uşaqlarımızın hüquqları beynəlxalq konvensiyalarla qorunur: “İstər ailə tərkibində yaşayan, istərsə də müxtəlif səbəblərlə ailəsindən məhrum olan uşaqlar da eyni şəkildə dövlətin qayğısı ilə əhatə olunub. Burada xüsusilə Heydər Əliyev Fondu və onun Prezidenti, birinci xanım Mehriban Əliyevanın uşaqlara olan diqqət və qayğısı danılmaz faktdır. Valideyn himayəsindən məhrum olan, müxtəlif xəstəlikləri olan uşaqlarımız da Fondun himayəsi ilə əhatələnib, onlar üçün lazımi bütün şərait yaradılıb. Həmçinin aidiyyatı üzrə bütün dövlət qurumları uşaqların hüquqlarının müdafiəsi və onların sağlam cəmiyyətdə böyüməsi üçün birgə fəaliyyət göstərirlər.

Azərbaycan uşaqları 30 il ərzində müharibə şəraitində böyüdülər. Müharibənin ağrı-acısını yaşadılar, münaqişə bir çox uşağı valideynsiz qoydu. Hətta 44 günlük Vətən müharibəsi zamanı da müharibə zolağından çox uzaqda olan uşaqlarımız da düşmən gülləsinə tuş gəldilər. Bunlar Azərbaycan tarixinin qanlı, ağır səhifələridir. Lakin biz yaraları sağaltmağa çalışırıq. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri ilə məşğuluq və gələcəyimizdə istinad yerimiz məhz uşaqlarımızdır.

Digər bir məsələ isə ailə-məişət problemləri çərçivəsində hüquqları pozulan uşaqlarımızın olmasıdır. Bir çox hallarda xüsusilə qız uşaqlarına qarşı böyük haqsızlıqlar olur. Bunlar arzuedilməz məsələləridir. Bu kimi problemlərin olması yaralı yerimizdir. Dövlətimiz də bu məsələ ilə bağlı öz mübarizəsini aparır, artıq qanunlarımızın biraz daha sərtləşməsinə zərurət var. Çünki sağlam şəkildə böyümək bütün uşaqların haqqıdır və biz bu hüququ təmin etməyə məcburuq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə