"“Avropa dəyərləri” deyib hər bir şeyi istəyirlər bizə sırısınlar" - MÜNASİBƏT BİLDİRİLDİ

"“Avropa dəyərləri” deyib hər bir şeyi istəyirlər bizə sırısınlar" - MÜNASİBƏT BİLDİRİLDİ

Ötən gün Bakıda bəy xaricdə olduğu üçün yalnız gəlinlə toy ediblər. Bəs, bu nə dərəcədə düzgündür? Bizdə belə adətlər varmı? Bu toy adət-ənənələrimizin sıradan çıxması deməkdir ya necə? SİA mövzu ilə bağlı AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədlinin fikirlərini öyrənib.

Onun sözlərinə görə, son dövrdə “Avropa dəyərləri” deyib hər bir şeyi istəyirlər bizə sırısınlar: “Avropa dəyərləri nədir? Müasirlik, inkişaf, yəni oxumaq, təhsil, elmli, səmimi, münasibətlərdə doğru-dürüst tərəfdaş olmaq kimi yaxşı cəhətləri götürmək lazımdır. Bunlar da bizim xalqımızın özünün mental keyfiyyətləridir, kənardan gəlməyib. Elə ənənədən öz xalqımıza məxsus olan adətlərimiz, xasiyyətlərimiz var ki, yəni bu mental məsələdir.

Dəyər məsələlərinə gəldikcə bugün müasirlik adı altında bir çox Avropadan gələn təmayüllər var, yanlış məsələlər var. Bunların hamısı əlbəttə ki toy ənənəsi də bizim xalqın gözəl bir adət-ənənəsinə kənardan sırınmış bir məsələdir. Bizimkilər də indi bunu tətbiq edirlər. Kiminsə imkanı, vəziyyəti elədir ki, şəraitə uyğun hərəkət edir, məcburiyyət qarşısında qalıb ya nəsə təki deyir ailə qurulsun. Əlbəttə ki ailə quruculuğu çox vacib məsələdir. Azərbaycan xalqının bəlkə də ən önəm verdiyi məsələ ailə quruculuğudur. Çünki ailənin qurulması dövlətin böyüməsi, inkişafı, güclənməsi deməkdir. Dövlət də ailələrdən ibarətdir. Təbii ki ən gözəl xalqın keyfiyyətləri, dəyərləri də bu gözəl ailələrin üzərində daşınır. Təbii ki ailələr fərqlidir. Bunu hamısına şamil etmək olmaz.

Yəni, bu baxımdan bizim toy ənənəmiz Azərbaycan xalqının ən böyük önəm verdiyi məsələdir. Çünki toy yeni bir laydır, iki ailə qohum olur, iki nəsil qohum olur, iki zümrə yaxınlaşır. Bunlar da cəmiyyətdə bir-biri ilə bağlantı əmələ gətirir və əlaqələr genişlənir, böyüyür. Nəhayət görürsən ki, Azərbaycanın hər yerində insanlar bir-birinə yaxındır, bir-birinə qohum olur, bir-birinin münasibətlərini daha da genişləndirir.

Toy çox mühüm bir məsələdir. Əslinə qalanda toyun düzgün qaydada keçirilməsi də təbii ki xalqın öz ənənəsinə uyğun şəkildə davam etdirilməsinin tərəfdarıyam. Çünki toy elə bir məsələdir ki, həm də bir məsuliyyətdir gənclərin üzərində bə onlar hesabat verirlər. İki ailə, iki nəsil, iki qohum, iki qəbilə orada hesabat verirlər. Eyni zamanda insanların qarşısında məsuliyyət daşıyırlar. Ailə quranda üzərlərinə şərt götürürlər. Hər hansı bir ailə, yəni quruculuğunda istər məhəbbət, sevgi məsələsi, bir-birilərini gənclər sevib ailə qursunlar, yaxud tanış olsunlar, və yaxud da kimlərsə onları hansısa vasitələrlə ki tanış edir ki, bütün hallarda münasibətlərin təbiətindən doğan əlaqələr yaranır və ailələr qurulur. İndi internet vasitəsilə də belə məsələlər həyata keçirilir, tanış olurlar. Təbii ki uğurlu ailələr də olur. Amma mən deyərdim ki, əksəriyyəti o qədər də uğurlu alınmır. Bu cür internet vasitəsilə evlənən gənclərin əksəriyyətinin taleyi uğurlu alınmır.

Ailə quruculuğu, həyatı insanların həyatında ən önəmli, ən vacib məsələlərdən biridir ki, xalqımız da bu toy məsələsinə çox böyük önəm verir. Bu baxımdan da belə bayağı toyların belə məsələlərin olması təbii ki bizim mental məsələlərə tamamilə ziddir, ənənəmizdə belə bir şeylər yoxdur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə