Bəzi ərazilərdə evlərin baha olmasının səbəbi BƏLLİ OLDU - EKSPERTDƏN AÇIQLAMA

“Bəzi ərazilərdə yerləşən fərdi evlərin qiymətlərində ciddi sıçrayışlar hiss olunur. Əslində bunlar geniş dillərdə yayılmış “makler evləri”dir. Hansı ki onların adətən sənədləri olmur. Bəzi ərazilərdə işbazlar tərəfindən bu kimi əmlakların ərsəyə gəlməsi artan bir haldır. Ona görə ki bu gün şəhər daxilində normal bina evlərinin qiyməti heç 100 mindən aşağı deyil”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, bu cür bahalaşma müxtəlif işbazların sənədsiz evləri satmasına gətirib çıxarır: “Xüsusilə də regionlardan köçən əhali üçün bu kimi evlər tam əlverişlidir. Bir çox hallarda onlar üçün evin harada yerləşməsi önəmli olmur. Bu kimi evlərin kiçik bir coğrafi zonada böyük həcmdə inşa edilməsi bu işlə məşğul olanlar üçün əlverişli deyil. Çünki bu zaman yüksək rəqabətlilik yaranır və həmin evlərin satışında çətinlik çəkirlər”.

Ekspert onu da xatırladıb ki, bundan əlavə müəyyən qanuna edilmiş dəyişikliklərə əsasən, oktyabrın 1-dən hər hansı çıxarışı olmayan tikilidə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunur: “Bu amil də həmin evlərin kütləvi şəkildə satışına təsir göstərir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə