Regionlarda xüsusilə işlə təminatla bağlı müraciətlər çox olur - ŞƏRH EDİLDİ

Regionlarda xüsusilə işlə təminatla bağlı müraciətlər çox olur - ŞƏRH EDİLDİ

“Biz bölgələrin sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən işlərlə bağlı fikirlərimizi bildirsək, deməliyik ki, birmənalı olaraq son illərdə ölkə Prezidenti tərəfindən imzalanan 5 illik iqtisadi-sosial proqramlar çərçivəsində regionlarımızda, rayonlarımızda çox böyük uğurlu fəaliyyət həyata keçirilib. Region əhalisinin həyat səviyyəsinin yüksəldilməsi və şəhərlə bərabərləşməsi üçün əhəmiyyətli addımlar atılır, infrastruktur layihələri həyata keçirilib, dünya standartlarında ən yeni məktəblər tikilib. Yəni bugün regionların siması tamamilə dəyişib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Deputat sözlərinə belə davam edib: “Əlbəttə, durmadan artan əhali sayı eyni zamanda iş yerlərinə tələbatı da artırır. Bir zamanlar ölkədən iş-güc dalınca gedən və yaxud ölkədəki qeyri-stabilliklə bağlı olaraq bundan 20-30 il əvvəl ölkədən gedən insanlar və onların gənc nəsli, övladları nə gözəl ki, artıq ölkəmizə qayıtmağa başlayırlar. Böyüməkdə olan nəsil, yeniyetmə, gənc nəslin işlə təmin edilməsində müəyyən problemlər yaranır. Bununla bağlı bizə də çox şəkildə müraciətlər olur, regionlarda xüsusilə işlə təminatla bağlı müraciətlər çox olur.

Regionların spesifikasını, oradakı tələbat, iqtisadi, coğrafi, sosial şərait şərtlər nəzərə alınaraq iş yerlərinin, dövlət strukturlarının açılması əlbəttə ki əhəmiyyətlidir. Biz bunu dəfələrlə deputatlar olaraq, hər kəs öz regionundakı vəziyyəti nəzərə alaraq, müşahidə edərək fikirlərimizi bildirmişik. Xüsusilə də rayonlarda, regionlarda böyük iş yerlərinin, müəssisələrin, zavodların, fabriklərin, kombinatların açılmasına ehtiyac var. Amma eyni zamanda bunun digər tərəfini, iqtisadi maliyyə tərəflərini də nəzərə almaq lazımdır. Yəni, həmin bölgədə məhz hansı spesifik müəssisələrin açılması həm xeyir gətirə bilər, həm də eyni zamanda maksimum insanın işlə təminatına kömək etmiş ola bilər. Əlbəttə, bununla da bağlı əminik ki, xüsusi proqramlar hazırlanır və hazırlanacaqdır. Hər bir zaman xalqımızın, insanların, vətəndaşın yanında olan dövlətimiz insan amilini ən əhəmiyyətli faktor olaraq irəli çəkən cənab Prezident İlham Əliyev tərəfindən əlbəttə ki bugünə qədər atılan addımlar çox sevindiricidir, çox ürəkaçandır. Düşünürük ki, insan faktoru, insan amili bundan sonra da əlbəttə ölkəmizdə əhəmiyyətli bir yerdə gələrək insanlarımızın daha tez daha effektiv şəkildə işlə təmin edilməsinə imkan yaradacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə