TV-lərimizin mənasız verilişlərini cəmiyyət tələb edir? Daha faydalı informasiya, əyləncəli verilişlər göstərmək niyə bu qədər çətindir? SİA mövzu ilə bağlı Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub və şair, publisist, sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib.

Şair, publisist, sosioloq Əhməd Qəşəmoğlu: "Televiziyalarımızın mənasız verilişlərinin cəmiyyət tərəfindən tələb olunub-olunmaması sual altındadır. Bu, bir qədər televiziya işçilərinin uydurmasıdır. Onlar deyirlər ki, bu verilişlərə camaat daha çox baxır. Camaat daha çox baxırsa, buradan aydındır ki, bizim əhalinin estetik zövqündə, mənəvi tələbatında müəyyən problemlər var. Onların həll olunmasına kömək etmək lazımdır. Necə ki, bir vaxtlar Molla Nəsrəddin jurnalı, Mirzə Ələkbər Sabir kömək edirdi. Amma öz metodlarımızla kömək etmək lazımdır. Cəlil Məmmədquluzadəni təkrar etmək düzgün deyil. Televiziyalarımız indiki vaxtda niyə yüksək reytinqli veriliş verə bilmir? Ona görə ki, orada bu verilişləri hazırlaya biləcək işçilər, jurnalistlər, televiziya işçiləri yoxdur. İkinci də ölkədə televiziyanın özünün bir platforması olmalıdır. Televiziya bilməlidir ki, o nəyə xidmət edir.
Bir həftə əvvəl Mədəniyyət Nazirliyində nazirliyin işçiləri üçün ölkənin mədəniyyət platforması ilə bağlı məruzə etdim. İndi cəmiyyət elə vaxtdadır ki, prosesləri başlı-başına buraxmaq olmaz. Hər şey düşünülmüş şəkildə, elmi əsaslarla qurulmalıdır ki, bu sahədə biz heç bir iş görmürük. Ona görə hər kanal elə bilir ki, ancaq onun işi daha çox maddi gəlir əldə etməkdir. Elə deyil. Bununla bağlı ölkəmizdə humanitar-siyasət sahəsində ciddi addımlar atılmalıdır, fəaliyyət proqramları olmalıdır, siyasət daha ciddi araşdırılmalıdır. Televiziyalar da elə şəkildə olmalıdır ki, onların əsas işi əhalinin keyfiyyətinin qalxmasına kömək etsin. Əhalidə bu cür mənəvi aşınmalar, mənəvi sarsıntılar, psixoloji, arzu olunmayan ovqat yaratmasınlar. Əhali arasında qarşıdurmaya səbəb olan verilişlər verməsinlər. Burada çox böyük boşluq var və həyəcan təbili çalmaq lazımdır".

Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub: "Ümumiyyətlə, insan psixologiyası belədir ki, ona nəyi təqdim edirsənsə, tədricən ona alışır. Əgər menyuda təkcə bir yemək varsa, onu yeməyə məcburuq: "Azərbaycan insanı yalnız mənasız, düşük şou verilişlər istəyir" cümləsi xalqımıza qarşı həqarətdir. Bu o deməkdir ki, bizim xalqımızın intellekti yoxdur, yalnız əyləncə istəyir. Halbuki əksinədir. Azərbaycan insanı zəkalıdır, ciddi məzmunlu verilişlər də istəyir. Əyləncənin öz yeri, lakin, faydalı verilişlər də olmalıdır, axı. Təəssüf ki, TV-lərimiz belə verilişlər vermirlər. Səbəbini belə izah edirlər: belə verilişlərin reytinqi zəifdir. Yalandır. Maraqlı, faydalı intellektual verilişlərin öz auditoriyası var. Sadəcə bunu tamaşaçıya təqdim etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB