Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub - FOTOLAR

Astana şəhərində Azərbaycanın Müstəqillik Günün münasibətilə rəsmi qəbul keçirilib. SİA xəbər verir ki, Azərbaycanın və Qazaxıstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə səfir Ağalar Atamoğlanov çıxış edərək müstəqillik tariximiz haqqında məlumat verib. O, 1918-ci il mayın 28-də elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin gərgin beynəlxalq şəraitdə fəaliyyət göstərdiyini, mütərəqqi islahatlar həyata keçirdiyini və dünya birliyi tərəfindən müstəqil dövlət olaraq tanındığını diqqətə çatdırıb.

Səfir keçən əsrin 90-cı illərindən etibarən yenidən müstəqillik qazanmış Azərbaycan Respublikasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə güclü hüquqi dövlətin formalaşdırıldığını, demokratik vətəndaş cəmiyyətinin qurulduğunu qeyd edib. Diqqətə çatdırıb ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin mövqelərini daha da gücləndirib.

Diplomat 2020-ci ilin noyabr ayında və 2023-cü ilin sentyabr ayında Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsindən sonra hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində davam edən hazırkı danışıqların gedişatı haqqında ətraflı məlumat verib.

Azərbaycan-Qazaxıstan münasibətlərinə toxunan səfir bu münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. Diqqətə çatdırıb ki, iki ölkənin xalqlarının ortaq etnik və mədəni köklərə malik olması əlaqələrin daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır.

Ağalar Atamoğlanov Azərbaycanın bu il ölkəmizin COP29-a ev sahibliyi edəcəyini, eləcə də növbəti iki ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edəcəyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Qazaxıstan Prezidentinin müşaviri Bolat Akçulakov Azərbaycanın iqtisadi, siyasi, sosial və digər sahələrdə önəmli nəticələr əldə etdiyini söyləyib. O, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası olunduğunu, bu gün Azərbaycanın regionda böyük enerji, nəqliyyat və logistika layihələri üçün beynəlxalq mərkəzə çevrildiyini vurğulayıb. Həmçinin Bakının iri beynəlxalq tədbirlərin keçirildiyi dünya üzrə tanınmış məkana çevrildiyini, SPECA zirvə görüşünün keçirildiyini, COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Qazaxıstan Prezidentinin müşaviri sürətlə inkişaf edən ikitərəfli münasibətlərdən bəhs edərək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəm əsaslarını qoyduğunu, iki dövlət arasında əməkdaşlığın formalaşmasına və möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.

Mərasimdə Azərbaycan ilə Qazaxıstan, COP29, Azərbaycanın zəngin mədəniyyəti və təbiətinə dair videoçarxlar nümayiş olunub.

Abay adına Qazaxıstan Milli Opera və Balet Teatrının solisti Oleq Tatamirov, Azərbaycanlı tar ifaçısı Sadiq Namazov və “Rita” rəqs qrupu musiqili konsert proqramı ilə çıxış ediblər.

Sonda milli mətbəx nümunələrindən ibarət rəsmi ziyafət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə